Təsərrüfat üçün yeni təhlükə - fermerlərin diqqətinə
Bu il Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı və ətraf ərazilərdə Amerika ağ kəpənəyinin geniş yayılması müşahidə olunub. Zaqatala, Balakən və Şəki ilə yanaşı, digər regionlarda da bu zərərvericinin sayının əvvəlki illərlə müqayisədə artdığı bildirilib. Amerika ağ kəpənəyinin sürfələri ağacların yarpaqları ilə qidalanaraq onların inkişafına ciddi zərər vura bilir. Xüsusilə tut və meyvə ağaclarının bu zərərvericinin təsirinə daha çox məruz qaldığı qeyd olunur. Sürfələrin ağacların yarpaqlarını kütləvi şəkildə məhv etməsi fotosintez prosesinin zəifləməsinə, nəticədə isə ağacların qurumasına səbəb ola bilər. Ekoloqlar hesab edirlər ki, zərərvericinin geniş yayılmasının qarşısını almaq üçün vaxtında mübarizə tədbirlərinin görülməsi vacibdir.
Ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, bu il Amerika ağ kəpənəyinin Azərbaycanda geniş yayılması müşahidə olunub:
“Doğrudan da, təkcə o Zaqatala, Balakən, Şəki zonasında deyil, ümumiyyətlə bu il Azərbaycanda həddindən çox Amerika ağ kəpənəyi yayılmışdı. Yəni bütün, demək olar ki, Bakı özü də daxil olmaqla, regionlarda da həddindən çox bu kəpənəyin yayılması müşahidə olunmuşdu.
Bu kəpənəklər, deməli, nədir? Bu kəpənəklər xüsusilə ağaclarla qidalanır. Daha doğrusu kəpənəklər yox, onların sürfələri, yəni tırtılları. Bu tırtılları onlar ağacların yarpaqlarına qoyurlar. Bu tırtıllar kütləvi şəkildə ağacların yarpaqlarını gəmirirlər. Və sonradan tor şəklində, hörümçək toru kimi quraraq bir ağacdan digərinə, bir yarpaqdan digərinə keçməklə ağacı qurutmaq qədər təhlükəli bir həşərat növüdür.

Bunların bu şəkildə artması, həddindən artıq artması xeyli ağaclara zərər verdi. Xüsusilə tut ağaclarını çox sevirlər, digər meyvə ağaclarını da. Yəni ağacların yarpaqları quruduqdan sonra artıq ağacın fotosintez prosesi dayanır. Fotosintezin dayanması da ağacın tamamilə quruması deməkdir. Yəni burada meyvələr də məhv olur və digər məhsullar da, ağacın özü də quruya bilər.
Bunlarla kütləvi mübarizənin bir neçə yolu var. Birinci mexaniki yoldur: həmin budağı dərhal kəsib təcrid eləmək ki, ağacla əlaqəsi kəsilsin. Və kimyəvi metodlardan da istifadə edirlər. Adətən burada biopreparatlardan istifadə olunur, insektisidlərdən istifadə olunur. Yəni bunu müəyyən aparatlar vasitəsilə ağaca çiləyirlər.
Ancaq, məsələn, mən düşünürəm ki, bu çox böyük bir iş olduğuna görə, bunlar dərhal aşkar olunduqda həmin budağı kəsib təcrid eləmək lazımdır. Və onların tor şəklində qurulması, hörümçək toru kimi qurulması da ağac üçün ikiqat bir zərərdir. Düşünürəm ki, bu il çox olduğuna görə, çox güman ki, dövlət gələcəkdə belə hadisələr olmasın deyə daha ciddi tədbirlər planlaşdırmalıdır. Çünki bu il bu hadisə — bu Amerika ağ kəpənəyi həddindən artıq çox yayılmışdı.
Burada təhlükəli məqam odur ki, onlar ildə iki dəfə sürfə qoyurlar. Onların biri də bax bu təxminən avqust-sentyabr ayına düşür ki, və qısa müddət ərzində bunlar sürətlə arta bilirlər.”
Zeynəb Həsən
16:00 01.09.2026
Oxunuş sayı: 50