Azərbaycanda təcili yardım briqadalarının sayının artması təklif olunur
Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa dəstəyi və diqqəti sayəsində ölkəmizin səhiyyə sistemi keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, səhiyyə infrastrukturunun modernləşdirilməsi, müasir tibb müəssisələrinin inşası və ən son texnoloji innovasiyaların sahəyə tətbiqi istiqamətində misilsiz işlər görülür. Çünki insanların sağlamlığının qorunması istənilən ölkədə iqtisadiyyatın dayanıqlığına və inkişafına birmənalı şəkildə təsir göstərən əsas faktorlardan biridir. Səhiyyənin ölkə iqtisadiyyatına birbaşa və danılmaz təsiri var. Məhz bu səbəbdən, güclü və çevik səhiyyə sistemi təkcə sosial rifahın deyil, həm də milli iqtisadiyyatın təhlükəsizliyinin və inkişafının vacib qarantıdır.

Məsələ ilə bağlı Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-a danışıb: "Səhiyyə sisteminin yaxşı və ya pis vəziyyətdə olması istənilən sektorda işçi qüvvəsinə və bu da birbaşa olaraq iqtisadiyyata təsir edir. İnsan xəstələnirsə və vaxtında müalicə alıb aktiv həyat tərzinə qayıda bilmirsə, deməli, işə çıxa bilmir və yaxud da işləyəndə onun effektivliyi hiss olunmur. İstər dövlət sektorunda olsun, istərsə də sahibkarlıq və ya özəl fəaliyyət sahəsində. Təcili və təxirəsalınmaz tibbi yardım əksər hallarda gec gəlir”.
Professorun sözlərinə görə, Mərdəkanda bağ evində olarkən qonşusu təcili yardım çağırıb və çağırışdan 3 saat sonra ekipaj ünvana çata bilib: "Təcili yardım bu qədər gec gəlməməlidir, adı üstündə təcili tibbi yardım. Burada ölüm-qalım məsələsi ola bilər. Əlbəttə, bu, heç də hər zaman belə olmur. Bəzən də əksini müşahidə edirik, təvili yardım xidmətləri kifayət qədər tez ünvana çatır. Lakin istənilən halda ambulansın gec gəlməsi qəbuledilməzdir. Ambulansın gec gəlməsinin səbəbi də əslində naməlum hadisə deyil. TƏBİB-in də rəsmi paylaşımına görə paytaxt sakinləri üçün nəzərdə tutulan 130 briqada var ki, bu ümumi - 410 brqiqadanın tərkibindən ayrılır. Yerdə qalan 270-ə yaxın briqada isə 63 rayonu əhatə edən xidmət xətti üzrə fəaliyyət göstərir. Lakin bunu da nəzərə almaq lazımdır ki, paytaxtı əhalisinin sayı son illərdə 500 minədək artıb və artıq 3 milyonu keçib. Briqada sayı isə sakinlərin sayına adekvat deyil.
Nəzərə almaq lazımdır ki, cənab prezident İlham Əliyevin birbaşa tapşırığı ilə ötən illər ərzində Təcili və təxirəsalınmaz tibbi yardım maşınlarının sayı artırılıb və bunun paralelində xidmətin keyfiyyət faizi də kifayət qədər yüksəlib.
Bütün bunlar da təsadüfi hal deyil. Çünki dövlət başçımızın elm, təhsil və səhiyyə siyasətinə uyğun olaraq Azərbaycan Tibb Universiteti də yüksək səviyyəli, peşakar kadr hazırlığı həyata keçirir. Bu ali təhsil müəssisəsinin həyata keçirdiyi uğurlu layihələr, innovasiyaların tətbiqi, modern tələblərə cavab verən praktiki üsullar xarici ölkələrdə də - Türkiyə, Rusiya, İsrail, Almaniyada da yüksək qiymətləndirilir və öz nəticəsini verir”.
O, bildirib ki, bütün bu müsbət dinamika və həyata keçirilən uğurlu islahatlar fonunda, əlbəttə ki, ambulans məsələsi kimi həllini gözləyən, zamanla aradan qaldırılması ümumi işin xeyrinə olacaq müəyyən digər məsələlər də mövcuddur: “Xüsusilə TƏBİB və Səhiyyə Nazirliyinin idarəetmə mexanizmlərində qarşıya çıxan bu çatışmazlıqların vaxtında tənzimlənməsi səhiyyə sistemimizin effektivliyini daha da artıracaqdır. Çünki məqsədimiz körpüləri yandırmaq deyil, idarəetmədəki paralellikləri və funksional axsamaları aradan qaldıraraq vətəndaşlarımıza göstərilən tibbi xidmətin keyfiyyətini maksimum həddə çatdırmaqdır. Məhz bu baxımdan, mövcud idarəetmə modelinin təhlili və optimallaşdırılması ümumi inkişafımıza yalnız müsbət təkan verə bilsin”.

Mövzu ilə əlaqədar həkim ekspert Adıgözəlov Məmmədov da fikirlərini bölüşüb: "Elə ölkələr var ki, orada ümumiyyətlə dövlət tibb müəssisəsi yoxdur. Sadəcə çox məhdud və spesifik sahələr üzrə nəzarət tipli tibb müəssisələri fəaliyyət göstərir. Qalan hamısı özəldir, amma dediyim şəkildə dövlət bu və ya digər formada tibbi xidməti maliyyələşdirir. Bu maliyyələşmə tək bir mərkəz tərəfindən də həyata keçirilə bilər. Bizdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bu prosesə cəlb edilməsi vacibdir və olduqca əhəmiyyətli bir istiqamətdir. Tibb müəssisəsinin özünə müstəqillik verildikdə isə o, artıq özü də pasiyent və sifariş axtarmaqda maraqlı olmağa başlayacaq".
Həkim-ekspert mütəxəssislərin yetişdirilməsi məsələsinin də olduqca vacib olduğunu və peşəkar kadrların səhiyyə sisteminə töhvələr verə biləcəyini qeyd edib: "Burada bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, istənilən mütəxəssis-istər həkim olsun, istər mühəndis olsun, istərsə də başqa bir sahənim peşəkarı - onun yetişməsi müəyyən bir zaman tələb edir. Bu zaman bəzən onilliklər alır. Hətta idarəetmə sistemində də, xüsusilə tibbi idarəetmə sistemində kadrların yetişməsi uzun illərin zəhmətinin nəticəsidir. Melə gəlir ki, oturuşmuş və bu işin peşəkarı olan mütəxəssislərin biliklərindən, idarəetmə təcrübələrindən bu və ya digər formada mütləq istifadə olunmalıdır, yəni onlar kənarda qalmamalıdırlar. Bu səhiyyə dövlətimizin, hamımızın, xalqımızın səhiyyəsidir. Ona görə də çalışmalıyıq ki, səhiyyə hamı üçün əlçatan olsun. İllərin təcrübəsi və praktikası da istər-istəməz bu əlçatanlığı daha da tezləşdirir, daha rəvan və daha rahat edir.
Haqqında danışıldığı kimi, səhiyyə istiqamətində dövlətimiz tərəfindən çox ciddi addımlar atılır, külli miqdarda vəsait xərclənir. Dövr dəyişir, zaman dəyişir. Səhiyyə sahəsində də bazar iqtisadiyyatının və dünya praktikasının tətbiqi həyata keçirilməlidir. Amma bu, dediyim kimi, bir simbioz şəklində aparılmalıdır. Yəni illərin təcrübəsini toplamış insanlarla yeniliyin bizə gətirdiyi-məsələn, yeni startaplar formasındakı yanaşmaların sintezi olmalıdır ki, son nəticədə bu, fərdi qənaətlərə deyil, ümumilikdə xalqın mənafeyinə xidmət etsin".
Turqut Ansari
17:45 29.07.2026
Oxunuş sayı: 42