KİV: Zelenski Tramp üçün strateji tərəfdaşa çevrilib
ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında münasibətlərin son vaxtlar nəzərəçarpacaq dərəcədə dəyişdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, "Bild" bu barədə məlumat yayıb.
Nəşrin ABŞ-dakı müxbirinin yazdığına görə, Vaşinqtona son səfəri zamanı Zelenski əvvəlki kimi yardım istəyən lider deyil, Trampın strateji tərəfdaşı kimi çıxış edib. Məqalədə bildirilir ki, Ukraynanın son dövrlərdə Rusiyanın hərbi obyektlərinə endirdiyi uğurlu zərbələr ABŞ prezidentinin Kiyevə münasibətinə təsir göstərib.
"Bild"in iddiasına əsasən, Zelenski Trampa Rusiyanın ABŞ hədəflərinin müəyyən edilməsində İrana yardım göstərə biləcəyinə dair kəşfiyyat məlumatları təqdim edib. O, həmçinin Ukraynanın Xəzər dənizində İran gəmisinə endirdiyi zərbəni xatırladaraq, Kiyevin cəbhə xəttindən uzaqda da əməliyyatlar həyata keçirmək imkanına malik olduğunu vurğulayıb.
Nəşr yazır ki, Ukrayna bununla Vaşinqtona Moskva–Tehran oxuna qarşı mühüm tərəfdaş ola biləcəyini nümayiş etdirməyə çalışır.
Məqalədə qeyd olunur ki, Zelenski görüş zamanı Ukrayna üçün əlavə "Patriot" hava hücumundan müdafiə sistemləri istəyib. Tərəflər həmçinin ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə mümkün səfərini müzakirə ediblər.
"Bild"in qiymətləndirməsinə görə, Kiyev Trampa Rusiya ilə müharibədə diplomatik uğur qazanmaq imkanı təqdim etməyə çalışır. Bu təşəbbüsün Yaxın Şərqdə davam edən böhran fonunda Vaşinqton üçün alternativ siyasi uğur kimi nəzərdən keçirildiyi bildirilir.
16:11 29.07.2026
Oxunuş sayı: 51