Yaxın Şərqdə hərbi eskalasiya genişlənir: Növbəti “poliqonlar” açıqlandı
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş Yaxın Şərqdə davam edən gərginlik fonunda beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Son həftələr iki lider arasında İran siyasəti və bölgədə aparılan hərbi əməliyyatlarla bağlı fikir ayrılıqlarının yarandığı iddia edilsə də, görüşdən sonra hər iki tərəf danışıqları məhsuldar və konstruktiv kimi qiymətləndirib. Bu görüş Vaşinqton və Təl-Əviv arasında strateji koordinasiyanın davam edib-etmədiyi, eləcə də İranın nüvə proqramı, regional təhlükəsizlik və Yaxın Şərqdə qüvvələr balansının gələcək istiqaməti ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.

Hərbi ekspert Səxavət Məmməd Crossmedia.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən son hadisələr regionda geosiyasi qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir:
"İran, ABŞ və İsrail arasında baş verən son qarşıdurmalardan sonra regionda gərginlik səngiməyib. Əksinə, proseslər göstərir ki, Yaxın Şərqdə maraq toqquşması daha da dərinləşir və müxtəlif istiqamətlərdə davam edir. İsrail hazırda fəaliyyətini təkcə Qəzza ilə məhdudlaşdırmır. Qəzza zolağında böyük dağıntılar baş verib. İsrail rəsmilərinin açıqlamaları da göstərir ki, hərbi əməliyyatlar genişmiqyaslı xarakter daşıyır. Bununla yanaşı, Livan istiqamətində və Suriya ərazisində də İsrailin hərbi fəallığı davam edir".
S.Məmməd vurğulayıb ki, son hadisələr fonunda ABŞ və İsrail arasında strateji əməkdaşlıq daha da güclənir:
"Donald Trampla Benyamin Netanyahu arasında keçirilən görüşlər və İbrahim Sazişləri ilə bağlı verilən mesajlar göstərir ki, Vaşinqton regionda əsas strateji tərəfdaş kimi İsrailə xüsusi önəm verir. ABŞ Yaxın Şərq siyasətini də məhz bu əməkdaşlıq üzərində qurmağa çalışır. Regionda baş verən proseslər İsrailin uzunmüddətli strateji hədəfləri ilə də əlaqəlidir. İsrail rəsmilərinin açıqlamalarından görünür ki, məqsəd yalnız dövlətin təhlükəsizliyini təmin etmək deyil, həm də regionda geosiyasi mövqelərini daha da gücləndirməkdir. Hazırkı hərbi əməliyyatların da bu strategiyanın tərkib hissəsi olduğunu müşahidə edirik. Yaxın Şərqdə gərginliyin yaxın zamanda tam aradan qalxacağı gözlənilmir. Hazırda atəşkəs cəhdləri olsa da, bu, daha çox müvəqqəti xarakter daşıyır və yenidən toqquşmaların baş verməsi ehtimalı yüksəkdir".
Ekspert sonda qeyd edib ki, qarşıdurmanın coğrafiyası daha da genişlənə bilər:
"Gələcəkdə gərginlik təkcə İran, Qəzza, Livan və Suriya ilə məhdudlaşmaya bilər. Yəmən və Bab əl-Məndəb boğazı istiqamətində də yeni hərbi eskalasiya ehtimalı mövcuddur. Dünyada sürətlə davam edən silahlanma prosesi göstərir ki, beynəlxalq təhlükəsizlik mühiti getdikcə daha mürəkkəb xarakter alır".
Nigar Xəlilli
17:30 29.07.2026
Oxunuş sayı: 37