İsrailli nazir İranı hədələdi: Müharibə bərpa olunur?
İsrail və İran arasında uzun müddətdir davam edən qarşıdurma son bəyanatlardan sonra yenidən diqqət mərkəzinə gəlib. Belə ki, İsrailin müdafiə naziri İsrael Katzın İran rəhbərliyinə ünvanladığı sərt xəbərdarlıq iki ölkə arasında siyasi və hərbi gərginliyin hələ də yüksək səviyyədə qaldığını göstərir. Bu cür açıqlamalar tərəflər arasında qarşılıqlı ittiham və təhdidlərin daha da kəskinləşdiyini, regionda təhlükəsizliklə bağlı narahatlıqların artdığını ortaya qoyur. Xüsusilə İsrailin İranın nüvə proqramı və regional təsiri ilə bağlı narahatlığını açıq şəkildə ifadə etməsi Yaxın Şərqdə qüvvələr balansı ətrafında müzakirələri yenidən aktuallaşdırıb.

İsrailin bu bəyanatının yaratdığı siyasi müzakirələri Crossmedia.az-a şərh edən politoloq Aytən Qurbanova Katzın “İsrailin məhvi planını təbliğ edən istənilən İran lideri neytrallaşdırılacaq” bəyanatını Orta Şərqdə davam edən geosiyasi qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi siqnalı kimi dəyərləndirib:
"Bu açıqlama yalnız konkret şəxslərə yönəlmiş xəbərdarlıq deyil, həm də İsrailin milli təhlükəsizlik strategiyasının əsas sütunlarından biri hesab olunan çəkindirmə siyasətinin və qabaqlayıcı müdafiə konsepsiyasının davam etdiyini nümayiş etdirir. Son illərdə İranın nüvə proqramı, raket potensialı və regiondakı silahlı qruplara verdiyi dəstək fonunda İsrail rəhbərliyi təhlükələrin yalnız reaksiya ilə deyil, qabaqlayıcı tədbirlərlə neytrallaşdırılmasının zəruri olduğunu vurğulayır. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Katzın bəyanatı ilk növbədə Tehranın strateji qərarvermə mərkəzlərinə ünvanlanmış siyasi və psixoloji təzyiq aləti kimi qiymətləndirilə bilər. Bununla yanaşı, belə bəyanatlar beynəlxalq hüquq müstəvisində kifayət qədər mürəkkəb və mübahisəli xarakter daşıyır. BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiqini qadağan edilir, eləcə də yalnız silahlı hücum baş verdikdə və ya qaçılmaz silahlı təhlükə mövcud olduqda özünümüdafiə hüququ tanınır. Məhz buna görə də hər hansı dövlət rəhbərinin və ya yüksək siyasi fiqurun əvvəlcədən legitim hədəf kimi təqdim olunması yalnız real, konkret və qaçılmaz təhlükə hüquqi faktlarla əsaslandırıldığı halda beynəlxalq hüququn özünümüdafiə prinsipi çərçivəsində izah edilə bilər. Əks təqdirdə, bu cür bəyanatlar beynəlxalq hüququn legitimlik meyarları baxımından ciddi mübahisələr doğurur və dövlətlərarası münasibətlərdə təhlükəli presedent formalaşdırmaq riski yaradır. Digər tərəfdən isə İsrailin bu ritorikası yalnız İrana deyil, region və beynəlxalq ictimaiyyətə də ünvanlanmış mesajdır".
Politoloqun fikrincə, məqsəd ondan ibarətdir ki, İsrail istənilən strateji təhlükəyə qarşı hərbi gücdən istifadə etmək siyasi iradəsinə malik olduğunu nümayiş etdirsin:
" Bu həm İranın mümkün hərbi planlarının qarşısını almağa, həm də ABŞ və Qərb müttəfiqlərinə İsrailin təhlükəsizlik məsələlərində prinsipial mövqeyini göstərməyə xidmət edir. Həmçinin burada söhbət yalnız hərbi bəyanatdan deyil, eyni zamanda diplomatik təzyiq və psixoloji çəkindirmə mexanizmindən gedir. Məsələnin digər mühüm tərəfi isə ondan ibarətdir ki, son aylarda ABŞ və İsrail arasında İran siyasəti üzrə koordinasiya əvvəlki dövrlərlə müqayisədə daha intensiv xarakter alıb. Bu isə Tehranın həm siyasi, həm də hərbi baxımdan daha çox təzyiqlə üzləşməsi deməkdir. Belə şəraitdə tərəflər arasında sərt ritorikanın davam etməsi yanlış hesablamalar riskini artırır. Tarix göstərir ki, dövlətlərarası münaqişələrin eskalasiyası çox zaman genişmiqyaslı hərbi əməliyyatlardan deyil, məhz siyasi bəyanatlar, qarşılıqlı hədələr və təhlükəsizliklə bağlı qarşıdurmalardan başlayır. Nəticə etibarilə, İsrailin müdafiə nazirinin bəyanatı və səsləndirilən çağırışlar Orta Şərqdə təhlükəsizlik mühitinin hələ də yüksək risk zonası olaraq qaldığını təsdiqləyir. Qarşıdakı dövrdə İsrail–İran xəttində verilən hər bir siyasi mesaj yalnız daxili auditoriyaya hesablanmış ritorika kimi deyil, həm də regional qüvvələr balansına, ABŞ–İran münasibətlərinin gələcək dinamikasına və beynəlxalq təhlükəsizlik arxitekturasına təsir göstərən mühüm geosiyasi faktor kimi qiymətləndirilməlidir. Ona görə də, diplomatik ritorikanın idarə olunması, beynəlxalq hüququn prinsiplərinə riayət edilməsi və siyasi dialoq kanallarının açıq saxlanılması regionda daha genişmiqyaslı eskalasiyanın qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir".
Fatimə Məmmədova
17:30 07.07.2026
Oxunuş sayı: 53