Beynəlxalq hüquq varsa mülki gəmilər niyə vurulur?
Qara dənizdə mülki yük gəmisinə dron hücumu nəticəsində bir Azərbaycan vətəndaşının həlak olması, digərinin isə itkin düşməsi müharibə şəraitində mülki gəmilərin təhlükəsizliyi və beynəlxalq hüququn qoruyucu mexanizmlərini yenidən gündəmə gətirib.
Beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev Crossmedia.az-a açıqlamasında beynəlxalq hüquqda mülki gəmilərin qorunması ilə bağlı normaların mövcud olduğunu, lakin müharibə şəraitində onların effektivliyinin azaldığını deyib:

“Beynəlxalq hüquqda mülki obyektlərin və xüsusilə beynəlxalq sularda üzən ticarət gəmilərinin toxunulmazlığı dəqiq konvensiyalarla təsbit edilsə də, aktiv müharibə zamanı bu normaların işləməməsi bir sıra dərin hüquqi, institusional və texnoloji boşluqlardan qaynaqlanır”.
Ekspert müharibə zamanı dəniz nəqliyyatının hüquqi tənzimlənməsində fərqli beynəlxalq normaların tətbiq olunduğunu bildirib: “Sülh dövründə dəniz nəqliyyatı 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyası ilə tənzimlənir və bu Konvensiya gəmiçilik azadlığını təmin edir. Buna baxmayaraq, müharibə başlayanda dənizdəki hərbi əməliyyatlar beynəlxalq humanitar hüquq normaları ilə tənzimlənməyə başlayır. Bu rejimdə tərəflər mülki gəmiləri hədəf almaq üçün hüquqi manipulyasiyalara əl atırlar”.
Ə.Allahverdiyev belə hadisələrdə məsuliyyətin müəyyənləşdirilməsini çətinləşdirən amillərdən də danışıb: “Ticarət gəmiçiliyində hüquqi statuslar çox vaxt parçalanmış olur. Gəminin sahibi bir ölkənin vətəndaşı və ya şirkəti, gəmi Liberiya, Panama kimi üçüncü bir ölkənin bayrağı altında üzə, heyət üzvləri fərqli ölkələrdən, yük isə tam başqa dövlətin şirkətinə məxsus ola bilər. Müasir dəniz müharibələrində pilotsuz uçuş aparatları, kamikadze dronlar və dəniz dronlarının istifadəsi də hüquqi məsuliyyəti sübut etməyi çətinləşdirir”.
Ekspert beynəlxalq hüququn əsas probleminin qəbul edilən normaların icrasını təmin edən effektiv mexanizmin zəifliyi olduğunu vurğuladı: “Beynəlxalq hüququn ən zəif həlqəsi qəbul edilmiş qərarların icrasını təmin edəcək qlobal ‘polis’ qüvvəsinin olmamasıdır. Beynəlxalq hüququn zəifliyi qadağanedici normaların olmamasında yox, həmin normaları pozan dövlətləri cəzalandıracaq icra gücünün və qərəzsiz siyasi mexanizmin olmamasındadır. Müharibə şəraitində hərbi zərurət və güc amili çox vaxt beynəlxalq konvensiyaların tələblərini arxa plana keçirir”.
Fatimə Cabbarlı
20:55 06.10.2026
Oxunuş sayı: 58