Tural Gəncəliyev: Ağdamın dirçəlişi Zəfərimizin təcəssümüdür
Qarabağın tarixi şəhərlərindən biri olan Ağdam uzun illər xalqımızın yaddaşında həm itirilmiş yurdun ağrısı, həm də azadlıq arzusu ilə yaşadı. İşğal dövründə şəhərin tarixi siması silinməyə çalışılsa da, onun ruhunu, mədəniyyətini və gələcəyə olan ümidini məhv etmək mümkün olmadı. 2020-ci ildə əldə edilən tarixi Zəfər Ağdamın taleyində yeni səhifə açdı. 20 noyabr 2020-ci ildə şəhərin işğaldan azad olunması ilə doğma yurda qayıdışın və böyük quruculuq mərhələsinin əsası qoyuldu.
Bu gün Ağdamda aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın müharibədən sonrakı inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilib. Yeni yaşayış məhəllələri, müasir infrastruktur, sosial obyektlər və şəhərsalma layihələri Ağdamın gələcək simasını formalaşdırır. Artıq şəhər yalnız keçmişin faciəli xatirələri ilə deyil, həm də yenidən dirçəlişin, milli iradənin və qayıdışın nümunəsi kimi tanınır. 20 noyabr – Ağdam Şəhəri Günü münasibətilə bu tarixi dönüşün mahiyyətinə və şəhərin bugünkü inkişaf mənzərəsinə nəzər salırıq.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, bu gün 20 noyabr tarixini Ağdam Şəhəri Günü kimi qeyd edirik: “Ağdam Şəhəri Günü Azərbaycanın qazandığı möhtəşəm Zəfərin təcəssümü olmaqla yanaşı, ölkəmizin uğurlarının yalnız döyüş meydanı ilə məhdudlaşmadığını, həm də dağıdılmış şəhərlərin qısa müddətdə yenidən qurulması və bərpası ilə davam etdiyini nümayiş etdirir. Ermənistanın işğalı dövründə Ağdam şəhəri yerlə-yeksan edilmiş, demək olar ki, bütün tikililər dağıdılmışdı. Şəhərdə salamat qalan yeganə tikili Ağdam Cümə məscidi idi. Lakin ermənilər məscidin minarələrindən müşahidə məqsədilə istifadə edir, onun daxilində heyvan saxlamaqla xalqımızın milli-mənəvi dəyərlərinə və dini hisslərinə hörmətsizlik edirdilər. Əbəs yerə deyildi ki, Ağdam sanki nüvə bombası atılmış şəhəri xatırladırdı. Buna görə də o, dünyada “Qafqazın Xirosiması” kimi tanınırdı. Lakin bu gün biz tamamilə fərqli mənzərənin şahidiyik. Vaxtilə “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün müasir şəhərsalma mədəniyyətinin, memarlıq nümunələrinin və genişmiqyaslı quruculuq işlərinin nəticəsində Qarabağın ən gözəl şəhərlərindən birinə çevrilir”.
Deputat qeyd edib ki, həqiqətən də, bu günü böyük qürur və fəxarət hissi ilə qeyd edə bilərik: “Ağdam hər zaman Qarabağın giriş qapısı olub. Hələ sovet dövründə belə, şəhər Qarabağın dağlıq hissəsinə gedən əsas yollardan biri olmaqla yanaşı, Azərbaycanın mühüm ticarət, sənaye və iqtisadi mərkəzlərindən biri kimi tanınırdı. Ağdam vaxtilə Azərbaycanın ən inkişaf etmiş və qaynayıb-qarışan şəhərlərindən biri idi. Təəssüf ki, Ermənistanın işğalı nəticəsində şəhərimiz tamamilə dağıdıldı, daşı daş üstündə qalmadı. Lakin biz bütün dünyaya əsl torpaq sahibinin kim olduğunu və öz yurdunu necə bərpa edə biləcəyini sübut etdik. Bu gün Ağdamın müasir şəhərsalma prinsiplərinə, memarlıq üslubuna və mədəniyyətinə uyğun şəkildə yenidən qurulması göz qabağındadır. Şəhərimizdə həyata keçirilən genişmiqyaslı layihələr, müasir komplekslər və yeni infrastruktur Ağdamın gələcək inkişafından xəbər verir. Buraya səfər edən xarici qonaqlar da şəhərin necə böyük sürətlə yenidən qurulduğunun şahidi olurlar. Ağdam Şəhəri Gününü böyük fəxarət hissi ilə qeyd etməyimiz də məhz bu tarixi dəyişikliklərlə bağlıdır. Bir vaxtlar “Qafqazın Xirosiması” adlandırılan Ağdamın bu gün müasir memarlığı, şəhərsalma mədəniyyəti və quruculuq işləri ilə seçilən gözəl bir şəhərə çevrilməsi xalqımızın iradəsinin və əzminin göstəricisidir. Təbii ki, bütün bu nailiyyətləri Prezident İlham Əliyevin rəhbərliyi, ordumuzun və xalqımızın qəhrəmanlığı, şəhidlərimizin qanı və canı hesabına əldə etmişik. Bu yolda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Ayhan
20:00 20.11.2026
Oxunuş sayı: 116