Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanır? - Üç mümkün ssenari açıqlandı
Ermənistan Milli Təhlükəsizlik Şurasının sədri Alen Simonyanın Azərbaycanla sülh müqaviləsinin Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən cəmi bir neçə gün sonra imzalana biləcəyi barədə açıqlaması sülh prosesinin mümkün yekunlaşma vaxtı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Simonyanın sözlərinə görə, Konstitusiya dəyişikliyi həyata keçiriləcəyi təqdirdə sazişin imzalanması bir neçə günün məsələsi ola bilər. Bu bəyanat Ermənistanın sülh müqaviləsinin imzalanmasına nə dərəcədə hazır olduğu və Konstitusiya dəyişikliklərinin prosesdə həlledici rol oynayıb-oynamayacağı ilə bağlı suallar doğurur.
Bəs Simonyanın açıqlaması real siyasi perspektivə əsaslanırmı? Ermənistan Konstitusiyasına dəyişikliklər hansı müddətdə həyata keçirilə bilər və Azərbaycanla sülh müqaviləsinin imzalanmasını nə vaxta gözləmək olar? Sazişin imzalanmasına mane olan əsas siyasi və hüquqi amillər hansılardır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov qeyd edib ki, Nikol Paşinyan hökumətinin səsləndirdiyi bu yanaşma hüquqi və siyasi baxımdan mümkündür: “Lakin Ermənistan parlamentinin sədri Alen Simonyanın qeyd etdiyi kimi, Konstitusiya dəyişikliyindən cəmi bir neçə gün sonra sülh müqaviləsinin imzalanması hələlik təminatlı tarix deyil. Burada mühüm bir məqam var: sülh müqaviləsinin imzalanması ilə onun real siyasi və hüquqi təminatlarla həyata keçirilməsi eyni məsələ deyil. Azərbaycan üçün əsas məsələ sənədin nə vaxt imzalanması deyil, hansı şərtlərlə imzalanması və Ermənistanın gələcəkdə ərazi iddiaları üçün hüquqi əsas saxlayıb-saxlamamasıdır. Hazırda prosesin hansı mərhələdə olduğunu anlamaq üçün bir neçə mühüm fakta diqqət yetirmək lazımdır. 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Yəni sənədin mətni razılaşdırılıb, lakin yekun imzalanma və ratifikasiya prosesi başa çatmayıb. 17 noyabr 2026-cı ildə Ermənistan parlamentinin spikeri Ruben Rubinyan ölkəsinin müqaviləni hətta həmin gün imzalamağa hazır olduğunu bildirib. Noyabrın 18-də Nikol Paşinyan yeni Konstitusiya qəbul edildikdən sonra sülh sazişinin imzalanacağına və ratifikasiya olunacağına dair təminatların olduğunu açıqlayıb. Noyabrın 19-da isə Alen Simonyan Konstitusiya dəyişikliyindən sonra müqavilənin bir neçə gün ərzində imzalana biləcəyini deyib. Sülh müqaviləsinin nə zaman imzalana biləcəyinə gəldikdə, burada əsas məsələ Ermənistan Konstitusiyasının dəyişdirilməsi prosesidir. Paşinyan noyabr ayında yeni Konstitusiya layihəsinin ictimai müzakirələrə çıxarılacağını açıqlayıb. Bunun ardınca layihənin parlament və referendum mərhələlərindən keçməsi lazımdır. Mövcud vəziyyəti nəzərə alaraq, üç mümkün ssenarini fərqləndirmək olar. 2026-cı ilin sonuna qədər sülh sazişinin imzalanması üçün siyasi razılaşma əldə oluna bilər, lakin Konstitusiya məsələsi bu prosesi çətinləşdirir. 2027-ci ildə Konstitusiya referendumu və sonrakı hüquqi prosedurlar baş tutarsa, bu dövr müqavilənin imzalanması üçün əsas imkanlardan biri ola bilər. Referendum siyasi qarşıdurma və ya hüquqi maneələrlə üzləşərsə, proses daha uzun müddətə uzana bilər. Bunlar rəsmi tarixlər deyil, mövcud siyasi təqvimdən irəli gələn mümkün ssenarilərdir”.

Partiya sədri qeyd edib ki, Azərbaycanın diqqət yetirməli olduğu əsas məsələlərə gəldikdə, burada üç prinsipial məqam xüsusi əhəmiyyət daşıyır: “İlk növbədə, Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə edilən istinad məsələsi aradan qaldırılmalıdır. Azərbaycan həmin bəyannamədə Qarabağın Ermənistanla birləşdirilməsinə dair müddəanı ərazi iddiasının hüquqi əsası kimi qiymətləndirir. İkinci mühüm məsələ sülh müqaviləsində tərəflərin bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialar irəli sürülməməsinin aydın hüquqi təminatlarla təsbit edilməsidir. Üçüncü məsələ isə müqavilənin imzalanması ilə yanaşı, onun ratifikasiyası və icrasına nəzarət mexanizmlərinin də təmin olunmasıdır.
Diqqətimi çəkən digər siyasi məqam Simonyan və Rubinyanın açıqlamaları arasındakı fərqdir. Simonyan Konstitusiya dəyişikliyindən sonra müqavilənin imzalanacağını bildirir, Rubinyan isə Ermənistanın artıq indidən imzalamağa hazır olduğunu deyir. Bu isə Ermənistan daxilində də məsələyə yanaşmanın tam eyni olmadığını göstərir. Yekun qənaətim ondan ibarətdir ki, 2027-ci il sülh müqaviləsinin imzalanması üçün nəzərə alınmalı əsas siyasi dövr kimi görünür. Lakin konkret tarix söyləmək hələ tezdir. Bir məsələni xüsusilə vurğulamaq istəyirəm: Azərbaycan üçün sülh müqaviləsinin tez imzalanmasından daha vacibi onun gələcək nəsillər üçün yeni münaqişə təhlükəsi yaratmayacaq hüquqi əsaslarla bağlanmasıdır. Sülh sadəcə müharibənin dayanması deyil, qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün hüquqi təminatıdır”.
Ayhan
20:25 20.11.2026
Oxunuş sayı: 106