NATO Polşanın müdafiəsinə dəstək verəcəyini bəyan edib
NATO-nun baş katibi Mark Rütte Polşanın hava məkanında iki raket və pilotsuz uçuş aparatının düşməsi ilə nəticələnən insidentdən sonra alyansın Varşava ilə həmrəy olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Rütte bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Polşanın Baş naziri Donald Tusk baş verən hadisə barədə NATO-ya məlumat verib. Rütte gecə saatlarında Polşanın hava məkanının ciddi şəkildə pozulduğunu və insidentə cavab olaraq alyansın hərbi təyyarələrinin havaya qaldırıldığını qeyd edib.
NATO-nun baş katibi alyansın Polşa ilə həmrəy olduğunu, müdafiə və çəkindirmə imkanlarını gücləndirməyə davam edəcəyini vurğulayıb.
Rutte hadisənin Ukraynada davam edən münaqişənin nəticəsi olduğunu bildirib və NATO-nun Kiyevə dəstəyini davam etdirəcəyini qeyd edib.
Xatırladaq ki, noyabrın 20-də Polşa hakimiyyəti ölkənin hava məkanının pozulduğunu açıqlayıb. Hadisədən sonra Lublin və Podkarpatsk voyevodalıqlarının sakinləri hava hücumu xəbərdarlığı ilə bağlı məlumatlandırılıb.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış isə ölkədə yerləşdirilən “Patriot” zenit-raket komplekslərinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.
20:40 20.11.2026
Oxunuş sayı: 99