Zaxarovadan Ukraynaya qarşı narkotik ittihamı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın sintetik narkotiklərin istehsalı üzrə dünyanın ən böyük mərkəzlərindən birinə çevrildiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb.
Zaxarovanın sözlərinə görə, Ukrayna hakimiyyəti Qərb qeyri-hökumət təşkilatlarının dəstəyi və narkotik cinayətkarları ilə sıx əməkdaşlıq nəticəsində ölkəni sintetik narkotiklərin istehsalı mərkəzinə çevirib.
Diplomat bu fikirləri Avropa İttifaqının Dublində keçiriləcək növbəti qeyri-rəsmi sammiti ərəfəsində “Narkotiklərə qarşı Avropa koalisiyası” liderlərinin yaydığı bəyanata münasibət bildirərkən səsləndirib.
O, Ukraynada narkotiklərlə bağlı vəziyyətin pisləşməsində Rusiyanın məsuliyyət daşıdığına dair ittihamları rədd edib və baş verənlərə görə Ukrayna hakimiyyətini günahlandırıb.
Zaxarova həmçinin koalisiya iştirakçılarını narkotiklərlə mübarizə sahəsində əməkdaşlığı siyasiləşdirməməyə, narkotikdən azad cəmiyyət qurmaq üçün praktiki əməkdaşlığa üstünlük verməyə çağırıb.
Qeyd edək ki, Zaxarova daha əvvəl də Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı narkotik istifadəsinə dair iddialar səsləndirib.
21:00 20.11.2026
Oxunuş sayı: 97