Slovakiyada 40 nəfər naməlum maddədən zəhərlənib
Slovakiyanın Modra şəhərində yerləşən orta məktəbdə 40 nəfər naməlum maddənin təsirinə məruz qalaraq zəhərlənib. Onların əksəriyyəti şagirdlərdir.
Crossmedia.az xəbər verir ki, bu barədə Slovakiya Xəbər Agentliyi məlumat yayıb.
Hadisə noyabrın 20-də səhər saatlarında pedaqoji məktəbdə baş verib. Naməlum maddənin sızması ehtimalı ilə əlaqədar məktəbin şagird və əməkdaşları təxliyə edilib. Bir neçə şagirddə tənəffüs yollarının qıcıqlanması və digər sağlamlıq problemləri müşahidə olunub.
Hadisə yerinə dörd təcili tibbi yardım avtomobili, iki yanğınsöndürən briqada və tibbi helikopter cəlb edilib. Üç nəfər helikopterlə xəstəxanalara çatdırılıb. Ümumilikdə 40 nəfərin zəhərləndiyi bildirilir.
Məlumata görə, Bratislavadakı uşaq xəstəxanasında 15 pasiyent müalicə alır, daha bir neçə nəfərin vəziyyəti digər tibb müəssisələrində qiymətləndirilir.
Yanğınsöndürənlər və kimyəvi laboratoriyanın mütəxəssisləri havada təhlükəli maddələrin normadan artıq konsentrasiyasını aşkar etməyiblər. Hadisənin səbəbləri araşdırılır.
Polis faktla bağlı ümumi təhlükə yaratma şübhəsi ilə cinayət işi başladıb. Məktəbdə dərslərin noyabrın 23-də adi qaydada davam etdirilməsi planlaşdırılır.
23:51 20.11.2026
Oxunuş sayı: 62