Rusiya Estoniyanın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanın ölkədəki müvəqqəti işlər vəkilini iki ölkə arasındakı sərhəd-keçid məntəqələrinin bağlanması ilə əlaqədar nazirliyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasına görə, Estoniyanın sərhəddə qalan keçid məntəqələrini bağlamaq qərarı qarşıdurma xarakteri daşıyır və Moskva ilə münasibətlərin gərginləşdirilməsinə yönəlib.
Zaxarova bildirib ki, sərhədin bağlanması iqtisadi və sosial sahələr üçün mənfi nəticələrə səbəb olacaq. O, Rusiyanı təcrid etməyə çalışan təşəbbüskarların bunun əvəzini ağır ödəyəcəyini də iddia edib.
Rusiya XİN-in məlumatında bildirilib ki, Estoniya diplomatının nazirliyə çağırılmasında məqsəd Moskvanın Tallinin Rusiyaya qarşı dost olmayan addımlarının qəbuledilməzliyi ilə bağlı mövqeyini çatdırmaqdır.
Qeyd edək ki, noyabrın 15-də Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna dekabrın 1-dən Rusiya ilə sərhəddə yerləşən Narva, Koidula və Luhamaa keçid məntəqələrinin tam bağlanacağını açıqlayıb. Bu qərar Rusiyanın Baş Qərargahının Estoniyada pilotsuz uçuş aparatları istehsal edən Threod Systems zavodunu yandırmaq cəhdində iştirakına dair iddialarla əsaslandırılıb. Estoniya tərəfi bu iddialarla bağlı sübutlar təqdim etməyib.
21:32 20.11.2026
Oxunuş sayı: 106