İsrail şirkəti Mərakeşdə hərbi texnologiyalarını nümayiş etdirəcək
İsrailin müdafiə şirkəti “Elbit Systems” ilk dəfə Mərakeş Aviasiya Sərgisində iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, “Anadolu Ajansı” şirkətin açıqlamasına istinadən məlumat yayıb.
Mərakeşin RMAF Hərbi Bazasında keçiriləcək sərgi oktyabrın 7-dən 10-dək davam edəcək.
Şirkət sərgidə pilotsuz və avtonom sistemlər, dəqiq zərbə sistemləri, hava hücumundan müdafiə, elektron müharibə, kəşfiyyat, müşahidə və nəzarət (ISR), elektro-optik sistemlər, rabitə, eləcə də təlim və simulyasiya texnologiyalarını nümayiş etdirəcək.
Sərgidə “Hermes 900” pilotsuz uçuş aparatı ilə yanaşı “Thor”, “Magni-X” və “FireFox-X” seriyalı hərbi avtonom sistemlər də təqdim olunacaq.
Dəqiq zərbə sistemləri bölməsində “SkyStriker” dövrə vuran sursatı, “Puls” tipli çoxsaylı raket buraxılış sistemi və “Lizard” lazerlə idarə olunan sursat nümayiş etdiriləcək.
Şirkət həmçinin hava platformaları üçün “Mini Music” infraqırmızı əks-tədbir (DIRCM) sistemini və “Spectro” elektro-optik məhsul qrupuna daxil olan “Spectro 12” hədəfləmə sistemini təqdim edəcək.
Sərgidə hava rabitə avadanlıqları, pilotların hazırlanması və simulyasiya sistemləri də nümayiş etdiriləcək.
“Elbit Systems” son illərdə müxtəlif ölkələrdə etirazlarla da üzləşib. Almaniyada Dresden Texniki Universitetinin şirkətlə tədqiqat layihəsi həyata keçirdiyinin məlum olmasından sonra 2026-cı il mayın 27-də universitet rəhbərliyinə qarşı etiraz aksiyası keçirilib.
Çexiyanın Pardubitse şəhərində isə 2026-cı il martın 20-də “Elbit Systems” ilə əlaqəli olduğu bildirilən fabrik yandırılıb. Hadisənin təşkilatçıları müəssisəni İsrailin Qəzzadakı hərbi əməliyyatlarında rol oynamaqda ittiham ediblər.
Böyük Britaniyada “Fələstinli Şəhidlər üçün Ədalət” adlı qrup 2025-ci il avqustun 26-da İsrailin F-16 və F-35 qırıcılarının pilotlarının hazırlanmasında istifadə olunan hərbi hissələri istehsal edən fabrikə daxil olaraq istehsalı dayandırıb.
Fələstin tərəfdarı aksiyaları işıqlandıran “The Aftershock” şəbəkəsi həmin fabrikin ABŞ-ın “Moog” şirkətinə məxsus olduğunu və sözügedən hissələri “Elbit Systems” üçün istehsal etdiyini bildirib.
00:25 07.10.2026
Oxunuş sayı: 54