Rusiya: Ermənistan məsuliyyəti Moskvaya yükləyir
Ermənistan Gümrüdə yerləşən Rusiya hərbi bazasının mümkün çıxarılması ilə bağlı məsuliyyəti Moskvanın üzərinə atmağa çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin bildirib.
Diplomatın sözlərinə görə, İrəvan vəziyyəti elə təqdim etməyə çalışır ki, guya Rusiya hərbi bazasının Ermənistanda gələcək fəaliyyətinin müzakirəsini məhz Moskva başladıb.
Kalugin qeyd edib ki, Ermənistan hakimiyyəti məsuliyyəti yalnız bu məsələ ilə bağlı deyil, Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçimlə bağlı referendum məsələsində də üzərindən atmağa çalışır.
Onun sözlərinə görə, İrəvan referendum keçirilməzdən əvvəl Brüsseldən müsbət cavab almağın vacibliyindən danışır.
Diplomat həmçinin bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı İrəvanda Ermənistanın təşkilatdan çıxarılmasının hakimiyyətə üzvlüyü davam etdirmək və ya təşkilatı tərk etmək arasında seçim etməkdən yayınmağa imkan verəcəyi barədə fikirlər səsləndirilir.
Kaluginin sözlərinə görə, İrəvandakı hakim elita çox vaxt ən mühüm qərarların xarici aktorlar tərəfindən qəbul ediləcəyini gözləyir.
21:24 06.10.2026
Oxunuş sayı: 47