Qərbdə neft ehtiyatları tükənib, qışla bağlı risk artır
Qərb ölkələrində istifadə oluna biləcək neft ehtiyatlarının tükəndiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə xammal treyderi “Vitol” şirkətinin rəhbəri Rassel Hardinin açıqlamasına istinadən məlumat yayıb.
Hardy Londonda keçirilən “Energy Intelligence Forum”da bildirib ki, İrandakı müharibə səbəbindən neft məhsulları bazarında vəziyyət son dərəcə gərgin olaraq qalır. Onun sözlərinə görə, qışın yaxınlaşması ilə bu vəziyyətin bir müddət də davam etməsi mümkündür.
“Qərbdə tükəndirilə biləcək daha ehtiyat qalmayıb. Mövcud ehtiyatları tükətmişik”, - deyə Hardy bildirib.
Qeyd edək ki, cümə günü “Böyük yeddilik” ölkələri və tərəfdaşları strateji neft ehtiyatlarından 100 milyon barel neftin bazara çıxarılacağını açıqlayıb. Bu qərar ABŞ administrasiyasının dizel yanacağının qiymətlərində sürətli artımın qarşısını almaq üçün Avropaya təzyiqi artırmasından sonra qəbul edilib.
Hardy strateji ehtiyatlardan neftin buraxılması ilə bağlı dəqiq detalların hələ tam aydın olmadığını bildirib. O, neft məhsulları bazarında vəziyyətin “çox, çox gərgin” olaraq qaldığını və qış dövründə bu vəziyyətin davam edə biləcəyini qeyd edib.
Daha əvvəl ABŞ-nin “Chevron” enerji şirkətinin CEO-su Mayk Virt dünya neft bazarının hazırda ABŞ-İran müharibəsinin başlanğıcındakından daha həssas vəziyyətdə olduğunu bildirib.
Onun sözlərinə görə, Fars körfəzi ölkələrindən enerji təchizatında yaranan genişmiqyaslı fasilələr və artan risklər fonunda aparıcı dövlətlər öz xammal ehtiyatlarını bazara çıxarmağa üstünlük veriblər. Bu isə qlobal neft ehtiyatlarının nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub.
20:42 06.10.2026
Oxunuş sayı: 50