Ukrayna Aİ-yə üzv olmaq üçün əsas şərtini açıqladı
Ukrayna Aİ üzvlüyünü taxıl ixracına tam çıxış şərti ilə qəbul edəcək
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Ukrayna Avropa İttifaqına (Aİ) yalnız ölkəyə taxılın tam həcmdə ixracına imkan verildiyi halda üzv olmağa razıdır. Bunu Ukraynanın kənd təsərrüfatı naziri Taras Visotski “Politico” qəzetinə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Kiyev müəyyən ərzaq məhsullarının Aİ ölkələrinə satışını daimi şəkildə məhdudlaşdıran üzvlük modelini qəbul etməyəcək.
“Keçid dövrü ilə daimi məhdudiyyət arasında prinsipial fərq var. Ukrayna birinci variantı qəbul etməyə hazırdır. İkinci variant isə Avropa İttifaqının tamhüquqlu üzvlüyünün məntiqinə zidd olardı”, – Visotski deyib.
Onun sözlərinə görə, Ukrayna Aİ-nin üçüncü ölkələrdən idxaldan asılılığının azaldılmasına töhfə verə və Avropa istehsalçılarına Qara dəniz üzərindən ixrac marşrutlarına daha geniş çıxış imkanı yarada bilər.
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası Ukraynanın Aİ-yə üzv olması halında onun Avropa bazarına çıxışının məhdudlaşdırılmasını təklif edib. Təklifə əsasən, üzvlük Ukraynaya ittifaq daxilində qüvvədə olan bütün qaydaların dərhal və tam şəkildə tətbiq ediləcəyi anlamına gəlməyəcək. Keçid dövrlərinin şərtləri və müddəti isə üzvlük prosesi zamanı müəyyən edilə bilər.
22:40 06.10.2026
Oxunuş sayı: 50