Britaniyada terror hazırlığında şübhəli bilinən şəxs saxlanıldı
Britaniyada hərbi hava bazası yaxınlığındakı insidentlə bağlı yeddinci şəxs saxlanılıb
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
22 yaşlı Britaniya vətəndaşı RAF Fairford hərbi hava bazası yaxınlığında baş verən insidentlə əlaqədar terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib. O, çərşənbə axşamı Londonun Vestminster rayonunda saxlanılıb.
Bu, sentyabrın 27-də Qlosterşirdə yerləşən hava bazasının yaxınlığında baş vermiş hadisə ilə bağlı yeddinci həbstdir. Hazırda saxlanılan şəxslərdən heç birinə ittiham irəli sürülməyib.
Hadisə zamanı polis hava bazasının yaxınlığında üç “şübhəli nəqliyyat vasitəsi” barədə məlumat aldıqdan sonra ərazidə genişmiqyaslı əməliyyat keçirib. Onlarla ev təxliyə edilib və hadisə “böyük insident” elan olunub.
Terrorla Mübarizə Polisi üzrə milli koordinator Viki Evans bildirib ki, araşdırma davam edir və polis hadisə ilə bağlı bir neçə istiqamətdə araşdırma aparır.
Sentyabrın 27-də bazanın yaxınlığında daha beş kişi saxlanılıb. Yaşları 23-25 arasında olan şəxslər əvvəlcə partlayıcı maddələrlə bağlı cinayətlərdə, daha sonra isə terror aktı hazırlamaqda şübhəli biliniblər. Onlar sonradan polis nəzarətində sərbəst buraxılıblar.
Oktyabrın 1-də isə Vestminsterdə 25 yaşlı İran-Britaniya ikili vətəndaşlığı olan şəxs saxlanılıb. O da daha sonra polis nəzarətində sərbəst buraxılıb.
Uelfford kəndi yaxınlığında yerləşən RAF Fairford bazasından ABŞ Hərbi Hava Qüvvələri uzun illərdir istifadə edir. Son aylarda ABŞ bu bazadan B-1 və B-52 bombardmançı təyyarələrini Yaxın Şərqə göndərib.
Böyük Britaniya hökuməti Fairford bazasından İrana qarşı müdafiə xarakterli zərbələr üçün istifadə edilməsinə dair ABŞ-ın müraciətini təsdiqləmişdi.
Bazar günü isə ABŞ-nin bombardmançı təyyarələrini bazadan çıxararaq ölkəyə geri qaytardığı məlum olub.
21:58 06.10.2026
Oxunuş sayı: 59