Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Azərbaycanla Qazaxıstan arasında "Transxəzər Fiber-Optik Rabitə Xətti"nin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib.
Tərəflər artıq Xəzərin dibi ilə 390 kilometr uzunluğunda kabel çəkiblər. Yeni xəttin Asiya ilə Avropa arasında birbaşa və yüksək sürətli məlumat ötürülməsi üçün yeni dəhliz yaradacağı gözlənilir.
"Yeni marşrut Qazaxıstanın qlobal məlumat şəbəkələrinə rəqəmsal bağlantısını gücləndirəcək, həmçinin süni intellektin, bulud texnologiyalarının və müasir məlumat mərkəzlərinin gələcək inkişafı üçün təməl yaradacaq", - Madiyev bildirib.
Xatırladaq ki, "AzerTelecom" və "Kazakhtelecom" şirkətləri tərəfindən icra olunan Trans-Xəzər Fiber-Optik Kabel Xətti layihəsinə əsasən Sumqayıt şəhərindən (Azərbaycan) Aktau şəhəri (Qazaxıstan) istiqamətində 380 km uzunluğunda sualtı fiber-optik kabel xətti çəkilib.
Xəzər dənizində ilk sualtı rəqəmsal marşrut regionda 400 terabit/s-dən çox yüksəksürətli internet bağlantısını, böyük həcmdə məlumat mübadiləsini təmin edəcək, həmçinin regionda rəqəmsal xidmətlərin inkişafına töhfə verəcək.
Trans-Xəzər Fiber-Optik Kabel Xətti "Rəqəmsal İpək Yolu" layihəsinin önəmli hissəsidir. Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Bolqarıstan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi - "Rəqəmsal İpək Yolu" məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.
22:43 06.10.2026
Oxunuş sayı: 48