Azərbaycanda 10 mindən çox elektron müqavilə imzalanıb
"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemində (RDMİS) 7 830 təşkilat qeydiyyatdan keçib, istifadəçilərin sayı 14 819-a çatıb.
Crossmedia.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Sahil babayev "Rrəqəmsal idarəetmə və elektron informasiya sistemləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə İşçi Qrupu"nun iclasında bildirib.
"Sistem 19 qurumla inteqrasiya olunub, 52 informasiya sistemi üzrə məlumat əldə edilməsi təmin edilir. O cümlədən, "e-müqavilə" altsistemi üzrə indiyə qədər 1 525 satınalan təşkilat və 3 324 təchizatçı şirkət qeydiyyatdan keçib, 10 662 elektron müqavilə imzalanıb. Bağlanmış müqavilələrin ümumi məbləği 3,9 milyard manatı ötüb. Sistemin funksional imkanları genişləndirilib, Dövlət Gömrük Komitəsi və Azərbaycan Mərkəzi Bankı ilə inteqrasiyalar həyata keçirilib, eləcə də 14 bank sistemə qoşulub", - deyə nazir qeyd edib.
O, vurğulayıb ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli fərmanı ilə yaradılmış RDMİS dövlət maliyyəsinin idarə olunması proseslərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsini, maliyyə məlumatlarının inteqrasiyasını, əməliyyatların avtomatlaşdırılmasını və məlumat əsaslı qərarvermə imkanlarının genişləndirilməsini hədəfləyir: "RDMİS-in formalaşdırılması və inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb, onun əsas komponentləri üzrə yeni funksional imkanlar yaradılıb, mövcud informasiya sistemlərinin inteqrasiyası və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub".
Sahil Babayev dövlət maliyyəsinin idarə edilməsində rəqəmsallaşmanın strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, müasir texnologiyaların tətbiqi idarəetmə proseslərinin səmərəliliyinin artırılması, şəffaflığın və operativliyin təmin olunması baxımından mühüm rol oynayır. Bu istiqamətdə həyata keçirilən layihələr vahid rəqəmsal ekosistemin formalaşdırılmasına, məlumatların inteqrasiyasına və qərarların daha çevik, operativ və analitik əsaslarla qəbul edilməsinə imkan yaradır. Eyni zamanda, mövcud sistemlərin funksional imkanlarının davamlı şəkildə təkmilləşdirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi və texnoloji infrastrukturun dayanıqlığının təmin edilməsi qarşıda duran əsas prioritetlərdəndir.
İclasda Nazirliyin rəqəmsallaşma sahəsində həyata keçirdiyi layihələr, əldə olunan nəticələr və növbəti mərhələdə görüləcək işlər barədə təqdimat nümayiş etdirilib, bir sıra informasiya sistemlərinin fəaliyyəti real sistemlər üzərində təqdim olunub.
Xəzinədarlıq sahəsində yeni Xəzinədarlıq İnformasiya Sisteminin qurulması istiqamətində görülən işlər, ödənişlərə dair müqavilələrin elektron uçotu, sənədlərin elektron emalı və çoxsaylı kreditorlar üzrə əməliyyatların aparılmasına imkan verən mexanizmlər diqqətə çatdırılıb.
İclasda "e-mühasibat", Dövlət Müəssisələrinin Rəqəmsal Monitorinqi, Büdcə Məlumat İdarəetmə Sistemi, İnvestisiya layihələrinin ekspertizası sistemi, "e-rüsum" və Mərkəzləşdirilmiş Daxili İdarəetmə Portalı üzrə görülmüş işlər və tətbiq olunan yeni funksionallıqlar barədə də məlumat verilib.
İşçi Qrupun iclasında qarşıda duran vəzifələr də müzakirə olunub, informasiya sistemləri arasında inteqrasiyaların tamamlanması, məlumat axınlarının vahidləşdirilməsi, yeni funksional modulların hazırlanması, hesabatlılıq və analitika imkanlarının genişləndirilməsi, kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi, istifadəçilərin təlimatlandırılması və sistemlərin dayanıqlı fəaliyyətinin təmin edilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.
Nazir müvafiq istiqamətlər üzrə görüləcək işlərin əlaqələndirilməsi, layihələrin icra vəziyyətinin monitorinqi və müəyyən edilmiş prioritet tapşırıqların vaxtında və keyfiyyətlə icrasının vacibliyini vurğulayaraq aidiyyəti üzrə tapşırıqlar verib.
12:53 20.11.2026
Oxunuş sayı: 54