İran Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına zərbələrlə mesaj verir: Yeni savaş anonsu
İran və ABŞ arasında hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı regionda ciddi narahatlıq doğurur. “Tasnim” agentliyinin məlumatına görə, SEPAH ABŞ-nin Küveytdə yerləşən hərbi bazasına zərbələr endirib. Bu hadisə onsuz da gərgin olan Tehran–Vaşinqton münasibətlərində yeni eskalasiya mərhələsinin başlanğıcı ola bilər.
Eyni zamanda, tərəflərin qarşılıqlı hərbi zərbələri müharibənin yenidən genişmiqyaslı xarakter alacağı ilə bağlı sualları aktuallaşdırır. İranın bu hücumları ABŞ-nin mümkün hərbi əməliyyatlarına qarşı çəkindirici addım, yoxsa Vaşinqtona qarşı daha sərt cavab tədbirləri üçün zəmin hazırlamaq cəhdi kimi qiymətləndirilməlidir?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən diplomat-politoloq Fikrət Sadıqov qeyd edib ki, İran Küveyt və Bəhreyndəki ABŞ hərbi bazalarına zərbələr endirməklə özünü müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək istəyir: "Tehran bununla mesaj verməyə çalışır ki, ABŞ tərəfindən ona qarşı hər hansı aqressiya baş verərsə, İran daha genişmiqyaslı və daha çoxsaylı cavab zərbələri endirəcək. Çünki Vaşinqtondan İrana qarşı bir neçə dəfə təhlükəli bəyanatlar səsləndirilib. Bu isə ABŞ-nin dərhal genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı anlamına gəlmir. Bununla belə, müəyyən zərbələrin endirilməsi ehtimalını istisna etmirəm”.
Ayhan
11:30 20.11.2026
Oxunuş sayı: 63