Trampı Asiya səfərində “Qiyamət təyyarəsi” müşayiət edib
ABŞ Prezidenti Donald Trampın Asiyaya səfəri zamanı onun təyyarəsini nüvə müharibəsi şəraitində istifadə üçün nəzərdə tutulmuş “Qiyamət təyyarəsi” kimi tanınan “E-4B Nightwatch” müşayiət edib.
Crossmedia.az xəbər verir ki, “The War Zone” (TWZ) portalı bu barədə məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidentinin Filippin və Çinə səfəri zamanı “E-4B Nightwatch” hava komanda məntəqəsi prezident təyyarəsini müşayiət edən hava qüvvələri qrupunun tərkibində müşahidə olunub.
Məlumata görə, xüsusi təyinatlı təyyarə Trampın Asiya səfəri zamanı Yaponiyanın Okinava adasındakı Kadena hərbi hava bazasında yerləşdirilib. Prezidentin Çindən ABŞ-yə qayıdışı zamanı isə yenidən havaya qalxaraq onun təyyarəsinin marşrutunu izləyib.
“E-4B Nightwatch” nüvə müharibəsi və digər fövqəladə vəziyyətlərdə ABŞ rəhbərliyinin hərbi qüvvələrlə əlaqəsini və strateji idarəetməni təmin etmək üçün nəzərdə tutulub.
Təyyarə nüvə partlayışlarının yaratdığı elektromaqnit impulslarına qarşı xüsusi mühafizə sistemləri ilə təchiz olunub və havada yanacaq doldurmaqla uzun müddət uçuş həyata keçirə bilir.
TWZ qeyd edir ki, belə təyyarənin ABŞ Prezidentinin xarici səfərləri zamanı bölgədə yerləşdirilməsi standart təhlükəsizlik prosedurudur və özlüyündə fövqəladə hərbi təhlükənin mövcudluğunu göstərmir.
10:24 20.11.2026
Oxunuş sayı: 110