Tələbələrin təhsillə yanaşı işləməsi: sosial-iqtisadi zərurət, yoxsa itirilən gənclik?
Müasir dövrdə tələbələrin təhsillə yanaşı işləməsi getdikcə daha çox müşahidə olunan sosial tendensiyalardan birinə çevrilib. Universitet auditoriyalarından çıxan gənclərin bir hissəsi istirahətə, şəxsi inkişafına və asudə vaxtına deyil, birbaşa iş yerlərinə üz tutur. Kimi kassir, kimi ofisiant, kimi kuryer, kimi də müxtəlif xidmət sahələrində çalışaraq həm təhsil xərclərini qarşılamağa, həm də gündəlik ehtiyaclarını təmin etməyə çalışır. İlk baxışdan bu, gənclərin müstəqilliyə can atması, əmək vərdişləri qazanması və məsuliyyət hissinin formalaşması kimi qiymətləndirilə bilər. Lakin məsələnin digər tərəfi də var: tələbə işləməyə həqiqətən peşəkar təcrübə qazanmaq üçünmi başlayır, yoxsa maddi ehtiyaclar onu buna məcbur edir?
Əslində, bu tendensiyanın arxasında bir sıra sosial-iqtisadi amillər dayanır. Yaşayış xərclərinin artması, kirayə qiymətləri, nəqliyyat və qidalanma xərcləri, təhsil müddətində ailədən maddi asılılığın azaldılması istəyi gəncləri daha erkən yaşda əmək bazarına çıxmağa sövq edə bilər. Digər tərəfdən, bəzi tələbələr gələcəkdə işləyəcəkləri sahədən asılı olmayaraq, indidən gəlir əldə etməyi və müstəqil həyat qurmağı qarşılarına məqsəd qoyurlar. Lakin burada mühüm bir ziddiyyət ortaya çıxır: ali təhsil alan gənc gələcəyini qurmaq üçün çalışdığı halda, gündəlik qazanc əldə etmək naminə təhsilinə və şəxsi inkişafına ayırmalı olduğu vaxtı itirə bilər.
Məsələnin iqtisadi tərəfi ilə yanaşı, psixoloji və sosial nəticələri də diqqətəlayiqdir. Gün ərzində mühazirələrdə iştirak edən, ardınca saatlarla ayaqüstə işləyən, müştərilərlə ünsiyyətdə olan və iş məsuliyyəti daşıyan tələbənin fiziki və emosional yorğunluq yaşaması mümkündür. Belə həyat rejimi yuxu müddətinə, istirahətə, dostlarla münasibətlərə və ailə ilə keçirilən vaxta təsir göstərə bilər. Bəzi hallarda gənclər sosial münasibətlərdən uzaqlaşır, daim vaxt çatışmazlığı yaşayır, təhsilə maraqları azalır və psixoloji gərginliklə üzləşirlər.
Digər tərəfdən, işləmək hər zaman mənfi nəticələrlə müşayiət olunmur. Əmək fəaliyyəti tələbələrdə ünsiyyət bacarıqlarını, məsuliyyət hissini, maliyyə idarəetməsini və müstəqil qərarvermə qabiliyyətini inkişaf etdirə bilər. Xüsusilə təhsil aldıqları ixtisas üzrə işləyən gənclər nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirmək imkanı əldə edirlər. Lakin ixtisasla əlaqəsi olmayan, uzun iş saatları və ağır əmək şəraiti tələb edən işlərdə bu üstünlüklər arxa plana keçə bilər.
Burada başqa bir mühüm sual da ortaya çıxır: tələbələrin erkən yaşda əmək bazarına daxil olması gələcək karyera seçimlərinə necə təsir edir? Maddi müstəqillik qazanan gənclər bəzən təhsil aldıqları sahədən fərqli istiqamətlərə yönəlir, müəyyən müddətdən sonra universitet təhsilini ikinci plana keçirirlər. Digərləri isə işlədikləri müddətdə öz maraq və bacarıqlarını kəşf edərək gələcək peşə seçimlərini dəyişirlər. Beləliklə, tələbəlik illərində iş təcrübəsi həm müstəqil həyata hazırlıq, həm də gələcək karyeranın istiqamətini müəyyənləşdirən amil ola bilər.
Əsas məsələ tələbələrin işləməsi deyil, onların təhsil, əmək fəaliyyəti və şəxsi həyat arasında hansı balansı qura bilməsidir. Çünki gəncliyin ən məhsuldar dövründə yalnız gündəlik dolanışıq qayğıları ilə yaşamaq uzunmüddətli perspektivdə həm fərdi inkişaf, həm də cəmiyyətin insan kapitalı baxımından müəyyən problemlər yarada bilər. Bəs tələbələrin işləməsi iqtisadi müstəqilliyə aparan sağlam seçimdir, yoxsa sosial-iqtisadi şəraitin yaratdığı məcburiyyət? Bu proses gənclərin psixoloji vəziyyətinə, sosial münasibətlərinə və gələcək həyat planlarına necə təsir göstərir?
Crossmedia.az-a açıqlamasında psixoloq, Fəlsəfə üzrə Fəlsəfə doktoru Kifayət Cəbiqızı bildirib ki, bu gün universitet auditoriyaları ilə xidmət sektoru - kafelər, marketlər və satış nöqtələri arasında görünməz bir körpü yaranıb: "Əvvəllər tələbəlik yalnız oxumaq, axtarış və formalaşma dövrü kimi qəbul olunurdusa, müasir dövrdə gənclərin böyük hissəsi təhsillə paralel əmək bazarına daxil olurlar.
Bu tendensiya təkcə gəncin cib xərcliyi məsələsi deyil; bu, cəmiyyətin sosial-iqtisadi ritminin, ailədaxili münasibətlərin və gənclərin özünüdərk prosesinin dəyişməsinin göstəricisidir.
Gəncləri erkən yaşda işləməyə vadar edən əsas amillər aşağıdakılardır.
Belə ki, tələbələrin dərsdən sonra iş axtarmasının arxasında bir neçə sistemli səbəb durur. Gündəlik tələbat, kirayə, nəqliyyat və təhsil xərcləri gəncləri ailə büdcəsinə yük olmamağa və daha tez maliyyə dəstəyi axtarmağa sövq edir.
Müasir gənc öz qərarlarını öz qazancı ilə dəstəkləmək, valideyn asılılığını azaltmaq istəyir. Bu, psixoloji olaraq onun yetkinləşmə sərhədinin önə çıxarır.
Kassir, ofisiant, kuryer və ya satış məsləhətçisi kimi sahələr saatlıq və növbəli qrafik təklif etdiyi üçün tələbələrə "həm oxuyum, həm qazanım" modelini ən əlçatan çıxış yolu kimi göstərir.
Uzun saatlı iş saatları gəncin psixologiyasına və şəxsi münasibətlərinə təsirsiz örüşmür.
Dərsdən sonra uzun saatlar xidmət sahəsində çalışmaq gəncin həyatının bir neçə sahədə özünü göstərir:
İş həyatı gəncə insanlarla ünsiyyətdə sərhəd qoymağı, stresslə baş etməyi və məsuliyyət daşımağı öyrədir. Öz ayağı üstə dura bildiyini görmək özünəinamı gücləndirir. Lakin dərs və uzun iş növbələrinin yaratdığı xroniki yorğunluq yuxu rejiminin pozulmasına, emosional tükənmişliyə və daxili gərginliyə yol aça bilər. Gənc dincəlməyə və öz hisslərini yaşamağa vaxt tapmadıqda öz ehtiyaclarından uzaqlaşmağa başlayır.
Xidmət sahəsində çalışmaq fərqli yaş və xarakterdə olan insanlarla ünsiyyət qurmaq bacarığını artırır. Lakin vaxt məhdudiyyəti səbəbindən bu ünsiyyət çox vaxt səthi qalır; gəncin dərin emosional bağlar qurmağa və öz maraq çevrəsində vaxt keçirməyə enerjisi çatmır.
Evə yalnız istirahət etmək və növbəti günə hazırlaşmaq üçün qayıdan gəncin ailə ilə dialoqu və dostluq görüşləri tədricən azalır. Bəzən ailə daxilində gözləntilər də toqquşur: valideynlər diqqətin yalnız təhsilə yönəlməsini istəyir, gənc isə artıq yetkin və müstəqil fərd kimi qəbul olunmağı tələb edir.
Təhsilə münasibət
İşdən dərhal əldə olunan maddi nəticə bəzən akademik təhsili "uzun və gec bəhrə verən" proses kimi göstərə bilər. Bunun nəticəsində bəzi tələbələrdə dərslərə maraq azalır. Digər tərəfdən isə, iş təcrübəsi qazanan gənclərin bir qismi vaxtın dəyərini daha yaxşı anlayır və ixtisasına daha şüurlu, məqsədyönlü yanaşmağa başlayır.
Bu proses gənclərin gələcək həyat seçimlərini dəyişə bilərmi?
Bəli, erkən əmək təcrübəsi gəncin gələcək yol xəritəsini ciddi şəkildə dəyişə bilər və bu dəyişiklik həm fürsət, həm də risk daşıyır.
Gənc işlədiyi müddətdə özündə ünsiyyət, idarəetmə, təşkilatçılıq və ya satış kimi yeni bacarıqlar kəşf edə bilər. Nəticədə oxuduğu ixtisas arxa plana keçə, real iş təcrübəsi isə əsas karyera yoluna çevrilə bilər.
Erkən yaşda zəhmətin və pulun dəyərini görmək gənci daha praqmatik və realist edir. Lakin gənc öz gənclik dövrünü yaşamağa, maraqlarını kəşf etməyə və daxili səsinə qulaq asmağa fürsət tapmazsa, gələcəkdə peşə və şəxsi həyat seçimlərində daxili narazılıq hiss edə bilər.
Nəticədə, işləmək gənci gücləndirir — o vaxta qədər ki, bu proses onun təhsilini, sağlamlığını və özünü tanıma zamanını əlindən almasın. Əsas məsələ tələbənin sadəcə pul qazanması deyil, bu tempin içində özünü və gələcək hədəflərini itirməməsidir, çünki gəncin bu gün qurduğu daxili tarazlıq sabahkı həyat seçimlərinin ən möhkəm təməlidir".
Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli açıqlamasında qeyd edib ki, tələbələrin təhsil ala-ala işləməyə məcbur qalmasının əsas səbəbi yaşayış xərclərinin və gündəlik tələbatın artması, ailələrin isə bütün bu xərcləri qarşılamaq imkanlarının məhdud olmasıdır:
"Xüsusilə Bakıda təhsil alan və bölgələrdən gələn tələbələr üçün kirayə haqqı ciddi maliyyə yükü yaradır. Bunun üzərinə nəqliyyat, qidalanma, geyim, rabitə və təhsillə bağlı digər xərclər də əlavə olunur. Nəticədə bir çox tələbə təqaüd alsa belə, bu vəsait onun aylıq ehtiyaclarını qarşılamağa kifayət etmir. Təqaüdlər daha çox əlavə dəstək xarakteri daşıyır, tələbənin müstəqil yaşayışını təmin edən gəlir mənbəyi deyil.
Burada başqa bir problem də ondan ibarətdir ki, tələbələrin hamısının maddi vəziyyəti eyni deyil. Ailəsinin maddi imkanı zəif olan tələbə işləmədən təhsilini davam etdirməkdə çətinlik çəkir. Bu isə bəzən onun dərslərinə ayırdığı vaxta və təhsil nəticələrinə mənfi təsir göstərir. Əslində, tələbə işləməlidirsə, bu, yalnız maddi zərurətdən irəli gəlməməli, həm də gələcək peşəsinə uyğun təcrübə qazanmaq imkanı olmalıdır.
Problemin həlli üçün ilk növbədə tələbələrə uyğun çevik iş imkanları yaradılmalıdır. Universitetlər və özəl şirkətlər arasında əməkdaşlıq genişləndirilməli, tələbələrin dərs cədvəlinə uyğun yarımştat iş yerləri təşkil edilməlidir. Eyni zamanda, sosial vəziyyəti ağır olan tələbələr üçün təqaüdlərin artırılması, yataqxana imkanlarının genişləndirilməsi və kirayə xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması vacibdir.
Tələbə kreditlərinin şərtlərinin təkmilləşdirilməsi də müəyyən dəstək verə bilər. Ancaq kredit bütün tələbələr üçün əsas həll yolu deyil. Çünki təhsilini bitirən gəncin əmək fəaliyyətinə borcla başlaması əlavə maliyyə yükü yarada bilər. Buna görə də sosial təqaüdlər və əvəzsiz dövlət dəstəyi daha çox ehtiyacı olan tələbələrə yönəldilməlidir.
Əsas məqsəd tələbənin işləməsinə mane olmaq deyil, onun işləmək məcburiyyətində qalmadan da keyfiyyətli təhsil ala bilməsi üçün şərait yaratmaqdır. Eyni zamanda, işləmək istəyən tələbənin təhsili zərər görməməlidir. Bu baxımdan həm sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, həm də tələbələrin əmək bazarına uyğun çevik məşğulluq imkanlarının yaradılması vacibdir".
Məhəbbət Tərlanoğlu
12:22 20.11.2026
Oxunuş sayı: 47