Kirayə bazarında vergi dəyişikliyi: Qiymətlər artacaqmı?
Azərbaycanda kirayə mənzil bazarında vergi qaydalarının dəyişdirilməsi ilə bağlı yeni təkliflər müzakirə olunur. Təklif edilən dəyişikliklərə əsasən, yaşayış sahəsini kirayəyə verən fiziki şəxslər üçün 10 faiz, digər əmlakını icarəyə verənlər üçün isə 14 faiz vergi dərəcəsinin tətbiqi nəzərdə tutulur. Yeni mexanizmin əsas yeniliklərindən biri isə mülk sahiblərinə kirayə gəlirindən əldə olunan vəsait üzrə müəyyən xərcləri çıxmaqla vergi ödəmək imkanının yaradılmasıdır. Belə ki, təmir, kommunal xidmətlər və əmlakın saxlanılması ilə bağlı xərclərin nəzərə alınması təklif olunur.
Mövcud yanaşmada kirayə münasibətlərinin bir hissəsinin rəsmi müqavilə olmadan həyata keçirilməsi həm vergi nəzarətini çətinləşdirir, həm də kirayəçi ilə mülk sahibi arasında yaranan mübahisələr zamanı tərəflərin hüquqlarının müdafiəsində problemlər yarada bilir. Yeni qaydaların tətbiqi isə kirayə bazarında şəffaflığın artırılması, əmlak sahiblərinin vergi öhdəliklərinin daha aydın müəyyənləşdirilməsi və qeyri-rəsmi münasibətlərin qanuni müstəviyə keçirilməsi baxımından əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.
Digər tərəfdən, təklif olunan mexanizmin praktikada necə işləyəcəyi, xərclərin hansı sənədlər əsasında təsdiqlənəcəyi və mülk sahiblərinin bu yeniliklərə münasibətinin necə olacağı da suallar doğurur. Xüsusilə kirayə mənzil bazarında qiymətlərin onsuz da əhalinin əsas narahatlıqlarından biri olduğu nəzərə alınarsa, vergi dəyişikliklərinin kirayə haqlarına mümkün təsiri də diqqət mərkəzindədir.
Bəs yeni vergi mexanizmi kirayə bazarında hansı dəyişikliklərə yol aça bilər?

Crossmedia.az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı bildirib ki, əslində, fiziki şəxslər tərəfindən əmlakın icarəyə və kirayəyə verilməsinə görə ödəmə mənbəyində vergi tutulması qaydaları ötən il deyil, 2026-cı il yanvarın 1-dən dəyişdirilib:
"Hazırda yenidən qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklərdə isə sizin qeyd etdiyiniz istiqamətlər üzrə yeni müddəaların əlavə olunması nəzərdə tutulur. Yəni yaşayış sahələrinin kirayəyə verilməsinə görə 10 faiz vergi dərəcəsi əslində bu ilin əvvəlindən tətbiq olunur. Sadəcə olaraq, yeni qaydaların əlavə edilməsi təklif edilir.
Əslində, qanunvericilikdə vergi ödəyicisinin müvafiq prosedurları yerinə yetirməsi öhdəliyi əvvəldən də mövcud olub. Vergi öhdəliyi yarandıqdan sonra şəxs vergi uçotuna alınmalı, müvafiq kod əldə etməli, bununla bağlı vergi orqanına məlumat verməli və sonrakı aylarda bəyannamələr təqdim etməlidir. Bəyannamələrin təqdim edilməməsinə və ya gecikdirilməsinə görə isə qanunvericilikdə nəzərdə tutulmuş cərimə və digər sanksiyalar tətbiq olunur.
Lakin hazırda təqdim olunan layihədə, mənim fikrimcə, ən mühüm yenilik qeyd olunan prosedurlarla deyil, mənzilə çəkilən xərclərlə bağlıdır. Hesab edirəm ki, həmin xərclərin gəlirdən çıxılaraq verginin hesablanması vergi ödəyiciləri üçün əlavə stimullaşdırıcı addım ola bilər. Bu, nəticə etibarilə həm vergi xərclərinin optimallaşdırılmasına, həm də mülkiyyətçilərin bu istiqamətdə hüquqlarının qanunvericiliklə qorunmasına və təmin edilməsinə gətirib çıxara bilər. Bu baxımdan, təklif olunan yanaşmanı müsbət qiymətləndirirəm.
Sadəcə burada bir nüansı xüsusilə nəzərə almaq lazımdır. Düşünürəm ki, gələcəkdə bu məsələlərlə bağlı əlavə açıqlamalar veriləcək. Söhbət çəkilmiş xərclərin necə rəsmiləşdirilməsindən gedir. Özünüz də bilirsiniz ki, bu gün tikinti materiallarının alınması, eləcə də kiçik təmir və bərpa işlərinin görülməsi zamanı ustalarla və digər fiziki şəxslərlə müqavilələrin bağlanması, bu xərclərin rəsmi şəkildə sənədləşdirilməsi mexanizmi tam formalaşmayıb. Bu baxımdan, həmin xərclərin hansı qaydada rəsmiləşdiriləcəyi məsələsi açıq qalır. Hesab edirəm ki, məhz bu məsələlərə diqqət yetirilməli və bununla bağlı qanunvericilikdə konkret müddəalar müəyyənləşdirilməlidir".
Məhəbbət Tərlanoğlu
16:50 20.11.2026
Oxunuş sayı: 98