Almaniyada hərbi xidmətdən imtina artıb
Almaniyada bu ilin ilk 8 ayında vicdani səbəblərlə hərbi xidmətdən imtina üçün 12 102 müraciət edilib.
Crossmedia.az xəbər verir ki, Alman Yayıncılar Şəbəkəsi (RND) bu barədə məlumat yayıb.
Məlumata görə, yanvar-iyun aylarında 5 862, yanvar-avqust dövründə isə ümumilikdə 12 102 nəfər sözügedən müraciəti edib.
Beləliklə, ilin ilk 8 ayında müraciətlərin sayı 2025-ci ilin tamamında qeydə alınan 3 879 müraciətdən üç dəfədən çox olub. 2024-cü ildə isə 2 249 nəfər hərbi xidmətdən vicdani imtina üçün müraciət edib.
Yanvarın 1-dən qüvvəyə minən yeni qanuna əsasən, kişilər ilk növbədə könüllülük əsasında hərbi xidmətə çağırılacaq. Könüllü müraciətlər hesabına nəzərdə tutulan hərbçi sayına çatılmadığı təqdirdə ehtiyaca əsaslanan məcburi hərbi xidmət tətbiq edilə bilər.
Alman Silahlı Qüvvələri 18 yaşına çatan şəxslərə orduda xidmətə motivasiyalarını və uyğunluqlarını müəyyənləşdirmək məqsədilə anket göndərir. Bundan əlavə, 2008-ci il yanvarın 1-dən sonra doğulan kişilər üçün hərbi tibbi müayinə məcburi edilib.
Almaniya Konstitusiyasının 4-cü maddəsinin 3-cü bəndində vicdani səbəblərlə silahlı hərbi xidmətdən imtina etmək hüququ təsbit olunub.
Hərbi xidmətdən imtina etmək istəyənlər yazılı müraciət etməli və bunun üçün ətraflı əsaslandırma təqdim etməlidirlər. Müraciətlər daha sonra qiymətləndirilməsi üçün Federal Ailə və Mülki İşlər İdarəsinə göndərilir.
Almaniya Rusiyadan qaynaqlanan təhlükə və bununla əlaqədar NATO planlarında edilən dəyişikliklər fonunda 2035-ci ilədək aktiv hərbi qulluqçular və ehtiyat qüvvələr daxil olmaqla, ümumi hərbçi sayını ən azı 460 min nəfərə çatdırmağı planlaşdırır.
Qeyd edək ki, Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə dayandırılmışdı.
22:44 06.10.2026
Oxunuş sayı: 68