TASS: Zelenski Ukrayna üzrə sülh danışıqlarını yenidən pozur
Ukrayna Prezidenti Volodimir Zelenski Berlin görüşündən sonra verdiyi açıqlamalarla Ukrayna böhranının nizamlanmasına yönəlmiş diplomatik səylərə mane olur.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS-ın yaxın xarici ölkələr redaksiyası rəhbərinin müavini Vladimir Kostırev agentliyin dərc etdiyi məqalədə bildirib.
Müəllifin fikrincə, oktyabr və noyabr aylarının əvvəlində Ukrayna böhranının həlli istiqamətində aparılan diplomatik səylər müəyyən ümidlər yaratsa da, Berlin görüşündən sonra vəziyyət yenidən mürəkkəbləşib.
Məqalədə qeyd olunur ki, ABŞ-nin səyləri nəticəsində Ukrayna danışıqlar masasına qayıdıb və Əbu-Dabidə üçtərəfli məsləhətləşmələr bərpa olunub. Lakin Zelenski Berlin görüşündən sonra Ukraynada ABŞ və Avropa hərbi bazalarının yerləşdirilməsini dəstəklədiyini bildirib. Bu yanaşma Moskvanın mövqeyi ilə ziddiyyət təşkil edir.
Kostırev yazır ki, Zelenski 2027-ci ildə Kiyevin 115 milyard dollar maliyyəyə ehtiyacı olacağını açıqlayıb və ərazi məsələsinin Əbu-Dabidə üçtərəfli formatda müzakirəsini istisna edib.
Müəllifin qənaətinə görə, Avropa liderlərinin də mövqeyi danışıqların irəliləməsinə mane olan amillərdəndir. Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-ya üzvlüyü məsələsini yenidən gündəmə gətirmək niyyətində olduğunu bildirib, Almaniya kansleri Fridrix Merts isə Rusiyanın Avropanın təhlükəsizliyi ilə bağlı mövqeyini qeyri-real adlandırıb.
Məqalədə həmçinin ABŞ Prezidenti Donald Trampın Avropa liderlərini Moskva ilə razılaşmaya getməyə çağırdığı barədə “The Washington Post” və “Politico” nəşrlərinin məlumatlarına istinad edilir.
Müəllif hesab edir ki, hazırda Kiyev və Avropa müttəfiqləri qarşıdurmanın davam etdirilməsi xəttini seçirlər.
Qeyd: Bunlar TASS müəllifinin siyasi qiymətləndirmələridir və agentliyin redaksiya mövqeyi ilə mütləq üst-üstə düşməyə bilər.
01:00 23.11.2026
Oxunuş sayı: 56