Mədəniyyət

Azərbaycan poeziyasının sönməz ulduzu: Osman Sarıvəlli

Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində özünəməxsus iz qoyan, poeziyanı vətən sevgisi, təbiət gözəllikləri və insanlıq duyğuları ilə bəzəyən Osman Sarıvəllinin doğum günüdür.

Şairin qələmi həm müharibə illərinin keşməkeşlərini, həm də doğma el-obanın qayğılarını və sevincini özündə əks etdirən bənzərsiz əsərlər yaratmışdır. Onun yaradıcılığı Azərbaycan poeziyasının tənqidi düşüncə, estetik zənginlik və emosional dərinlik baxımından ən parlaq nümunələrindən biridir. Sarıvəlli yalnız şair deyil, həm də xalqının söz aynasında əks olunan ruhudur.

Osman Sarıvəlli

Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji Texnikumunda müəllim (1932–1935), Bakı Teatr Texnikumunda müdir (1939–1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor və Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində çalışmışdır.

Yaradıcılıq fəaliyyəti

Osman Sarıvəllinin yaradıcılığı olduqca dolğun və məhsuldardır. Şair ömrünün böyük bir hissəsini poeziyaya həsr etmişdir. Onun "Dəmir sətirlərim", "Bənövşə", "Şairin hədiyyəsi", "Gətir, oğlum, gətir", "Bahar çiçəkləri", "İqlimdən iqlimə" kimi kitabları Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Şairin fəaliyyəti yüksək qiymətləndirilmiş və müxtəlif ali orden və mükafatlara layiq görülmüşdür.

O, "Qırmızı Əmək Bayrağı" ordeni (1959)  ,  "Şərəf Nişanı" ordeni (1963), Xalqlar Dostluğu" ordeni (1975) , "Oktyabr İnqilabı" ordeni (1985) kimi təltiflərlə mükafatlandırılmışdır.

Şairin dolğun yaradıcılığı 1990-cı ildə vəfatı ilə yekunlaşır. 1990-cı il iyulun 2-də vəfat edən Osman Sarıvəlli doğulduğu kənddə dəfn edilmişdir.

Ayhan Ağarzayev

08:03 17.12.2024

Oxunuş sayı: 5151

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR