Səhnəmizin "Gülçöhrə"si
"Heç
kəsi mən görməzdim
Sirrimi
söyləməzdim.
Nədir
aşiq bilməzdim
Səni
gördüm, bənd oldum,
Elə bənd
oldum, elə bənd oldum.
Elə bənd
oldum, dilbər,
Dura
bəlməm mən sənsiz.
Kömək
etdi çün ol bəxt.
Gəldi
çatdı axır vaxt.
Özümü
bildim xoşbəxt,
Səni
gördüm bənd oldum,
Elə bənd
oldum, elə bənd oldum.
Elə bənd
oldum, dilbər,
Dura
bilməm mən sənsiz.
Elə bənd
oldum, elə bən oldum,
Elə bənd
oldum, dilbər,
Dura
bilməm mən sənsiz".
Bu sözlər
"Arşın Mal Alan" filmində baş rolu canlandıran Gülçöhrəyə məxsusdur.
Bu gün Azərbaycan teatr və kino sənətində dərin iz
buraxmış, istedadlı aktrisa Firəngiz Abbasmirzə qızı Şərifovanın doğum günüdür.
6 fevral 1924-cü ildə Bakı şəhərində anadan olan Firəngiz
Şərifovanın atası Abbas Mirzə Şərifzadə də tanınmış aktyor və rejissor, anası Mərziyyə
Davudova isə teatr və kino sahəsində tanınmış şəxs olub. Bu ailə mühiti də Firəngiz
xanımda erkən yaşlardan sənətə maraq oyadıb. O, səkkiz yaşında ilk dəfə səhnəyə
çıxaraq, Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərində Sevər, daha sonra “Sevil” əsərində
Gündüz obrazlarını canlandırıb. Bakı Xoreoqrafiya Məktəbində rəqs bacarıqlarını
da inkişaf etdirib.
1941-ci ildə Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olan Firəngiz Şərifova beş il ərzində soprano səsinin peşəkarlığını mənimsəyir və vokal sahəsində də təcrübə qazanır. 1947-ci ildə Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunur və teatrın həyatında əhəmiyyətli rol oynayır. Müxtəlif illərdə Gənc Tamaşaçılar Teatrı və Akademik Milli Dram Teatrlarında işləyən aktrisa, səhnədə dramatik, komik, psixoloji və facivi rolları da uğurla oynayıb.
Firəngiz Şərifova səhnədə yaratdığı bütün obrazlarla tamaşaçıların rəğbətini qazanıb, “Arşın mal alan”da Gülçöhrə, “Durna”da Durna, “Keto və Kote”də Keto, “Qış nağılı”nda Perdidata, “Qaçaq Nəbi”də Həcər, “Alov”da Rəfiqə Rəhimli və bir çox digər klassik və müasir əsərlərdəki rolları ilə yadda qalıb. O, eyni zamanda dramaturqlar və bəstəkarlarla sıx əməkdaşlıq edərək, Azərbaycanda teatrın inkişafına öz töhfəsini verib.
Frəngiz Şərifovanın kino fəaliyyəti də olduqca zəngindir. O, “Astana” (1986), “Bayquş gələndə…” (1978), “Bir ailəlik bağ evi” (1978), “Bizim küçənin oğlanları” (1973), “Dağlı çörəyi” (2007), “Ən vacib müsahibə” (1971), “Gəlinlərin qiyamı” (1985) və “Qaraca qız” (1966) kimi filmlərdə müxtəlif rolları məharətlə oynayıb. Hər rolu onun sənətində fərqli təbəqəni, duyğu zənginliyini və teatr təcrübəsini əks etdirib.
Aktrisa Azərbaycan SSR əməkdar
artisti (1960), Azərbaycan SSR xalq artisti (1969) fəxri adları ilə təltif olunub,
2002-ci ildən isə Prezident təqaüdçüsü olub. 20 fevral 2014-cü ildə vəfat edən
aktrisa II Fəxri Xiyabanda dəfn edilib. Frəngiz Şərifova bütün ömrü boyu
yaratdığı əvəzsiz obrazları və mədəniyyətimizə verdiyi töhfələrlə xalqımızın
yaddaşında və qəlbində əbədi həkk olunub.
Onun həyat və yaradıcılığı, həm teatr, həm də kino sahəsindəki zəngin irsi, Azərbaycan mədəniyyət tarixində parlaq səhifələrdən birini təşkil edir. Firəngiz Şərifova yalnız bir aktrisa deyil, həm də teatrın, səhnənin və milli sənətin simvoluna çevrilmiş bir şəxsiyyət olub.
Fatimə Məmmədova
12:00 06.02.2026
Oxunuş sayı: 570