Azərbaycan teatrının görkəmli siması Rafael Dadaşov
Bu gün Azərbaycan səhnə və ekran sənətinin tanınmış simalarından olan Rafael Dadaşovun doğum günüdür. Rafael Dadaşov 1946 cı ildə Zaqatalada dünyaya gəlib. O, uzun illər teatr və kino sənətində yaratdığı yaddaqalan obrazlarla tamaşaçı sevgisi qazanmış, sənətinə sədaqəti ilə seçilən aktyorlardandır.
Rafael Dadaşovun oyun üslubu sadəliklə dərinliyi birləşdirir, onun canlandırdığı obrazlar süni pafosdan uzaq, həyatın içindən gələn xarakterlər kimi yadda qalırdı.
Aktyorun teatr yaradıcılığı xüsusilə diqqətəlayiqdir. Akademik Milli Dram Teatrının səhnəsində oynadığı tamaşalarda – “Ölülər”, “Vaqif”, “Xəyyam”, “Dəli yığıncağı” kimi klassik əsərlərdə yaratdığı obrazlar onun peşəkar aktyor məktəbinə yiyələndiyini bir daha sübut edirdi. O, hər rolunda insan psixologiyasını incəliklə açır, obrazın daxili konfliktini tamaşaçıya hiss etdirə bilirdi.
Rafael Dadaşov kino və televiziya tamaşalarında da öz sözünü demiş sənətkarlardandır. “Qaynana”, “Bəxt üzüyü”, “Evlənmək istəyirəm”, “Yaşıl eynəkli adam” kimi filmlərdə və televiziya layihələrində oynadığı rollar onu geniş tamaşaçı auditoriyasına daha da sevdirmişdi. Bu obrazlarda o, bəzən yumor, bəzən faciə, bəzən isə adi insan taleyini böyük ustalıqla canlandıraraq yadda qalan ifalar ortaya qoymuşdu.
Bu gün Rafael Dadaşovun doğum günü qeyd olunarkən, onun sənətə verdiyi töhfələr bir daha xatırlanır. O, oynadığı rollarla təkcə dövrünün deyil, ümumilikdə Azərbaycan teatr və kino tarixinin yaddaşına həkk olunan sənətkarlardandır. Onun yaratdığı obrazlar yaşayır, sənəti isə bu gün də tamaşaçı ilə danışmağa davam edir. Usta aktyor 2020-ci ildə Bakı şəhərində həyata əbədi gözlərini yummuşdur.
Ayhan
17:10 04.01.2026
Oxunuş sayı: 2236