Avropaya açılan qapı Bratıslavadan keçir
Prezident İlham Əliyevin Slovakiyaya səfəri sıradan diplomatik hadisə deyil, Azərbaycanın Avropadakı strateji mövqelərinin yenidən qurulması prosesinin mühüm mərhələsi kimi oxunmalıdır. Bəyanatların dili, görüşlərin strukturu və vurğulanan istiqamətlər göstərir ki, söhbət sadəcə ikitərəfli münasibətlərdən yox, Azərbaycanın Avropa siyasi-iqtisadi xəritəsində öz yerini daha sistemli şəkildə möhkəmləndirmək cəhdindən gedir. Slovakiya bu kontekstdə təsadüfi seçilmiş tərəfdaş deyil – o, həm Avropa İttifaqının üzvü, həm də Mərkəzi və Şərqi Avropa arasında körpü rolunu oynayan, manevr imkanları olan dövlətdir.
Rəsmi bəyanatların əsas məğzi “strateji tərəfdaşlıq” anlayışının real konturlarla doldurulmasıdır. Strateji tərəfdaşlıq artıq formal ifadə deyil, konkret sahələr üzrə institusional əməkdaşlıq modeli kimi təqdim olunur. Parlamentlərarası diplomatiyanın xüsusi vurğulanması təsadüfi deyil. Bu, münasibətlərin yalnız icraedici səviyyədə yox, qanunverici və siyasi strukturlar səviyyəsində də dərinləşdirildiyini göstərir. Azərbaycan burada klassik “resurs diplomatiyası” modelindən çıxaraq, siyasi və institusional bağlılıq modelinə keçir.
Enerji mövzusu bəyanatlarda mərkəzi yer tutur, lakin burada maraqlı məqam odur ki, enerji artıq təkcə kommersiya məsələsi kimi təqdim edilmir, o, təhlükəsizlik konsepsiyasının bir parçasına çevrilir. İlham Əliyevin Slovakiya ilə qaz təchizatı, tranzit və enerji təhlükəsizliyi üzrə qeydləri, Azərbaycanın Avropa üçün sabit və etibarlı enerji dayağı kimi mövqeyini möhkəmləndirmək strategiyasını açıq şəkildə göstərir. Slovakiya bu sistemdə həm istehlakçı, həm tranzit məntəqəsi, həm də regional paylama qovşağı kimi nəzərdə tutulur.
Daha dərin geosiyasi mənzərə Orta Dəhliz məsələsində ortaya çıxır. Prezidentin Orta Dəhliz haqqında vurğuları Azərbaycanın özünü sadəcə enerji ixracatçısı deyil, Avrasiya ilə Avropa arasında logistika və nəqliyyat inteqratoru kimi təqdim etmək istədiyini göstərir. Slovakiya bu marşrutlarda Qara dəniz – Mərkəzi Avropa xəttində açar rol oynaya biləcək ölkələrdəndir. Bu kontekstdə Azərbaycan artıq periferik bir region yox, tranzit mərkəzə çevrilməyə çalışan strateji aktor kimi mövqelənir.
Bəyanatların ən mühüm və çox vaxt səthi oxunan, lakin strateji baxımdan ən dərin qatı müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq məsələsidir. İlham Əliyevin Slovakiya ilə müdafiə sənayesi sahəsində sinergiya yaratmaq istəyi, birbaşa müharibəyə hazırlıqdan çox, texnoloji suverenlik və sənaye müstəqilliyi məqsədi daşıyır. Azərbaycan artıq yalnız silah alan yox, texnologiya istehsal edən və birgə məhsul yaradıb üçüncü bazarlara çıxan tərəf kimi çıxış etmək istəyir. Slovakiya burada texnologiya tərəfdaşı, Azərbaycan isə maliyyə və istehsal bazası kimi nəzərdə tutulur.
16:31 10.12.2025
Oxunuş sayı: 1216