Azərbaycan–Türkmənistan–Özbəkistan əməkdaşlığının perspektivləri

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilmiş Üçtərəfli Zirvə Görüşü, regionda yeni əməkdaşlıq formatlarının qurulması və geoiqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm strateji hadisədir. Görüş nəticəsində imzalanan sənədlər, həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edir və Azərbaycanı qardaş türkdilli dövlətlər arasında etimad mərkəzi kimi mövqeləndirir.
Üçtərəfli Bəyanat üç dövlətin siyasi iradəsini nümayiş etdirir və regionda çoxtərəfli əməkdaşlıq formatının hüquqi-diplomatik əsaslarını yaradır. Bu, yalnız dövlətlərarası etimadın gücləndirilməsinə deyil, həm də beynəlxalq platformalarda qarşılıqlı dəstək mexanizmlərinin formalaşmasına yol açır. Hava əlaqələri üzrə Memorandum isə Azərbaycan və Türkmənistan arasında beynəlxalq uçuşların genişləndirilməsi, tranzit imkanlarının artırılması və Avropa-Asiya ticarət marşrutlarının optimallaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir. Füzuli–Arxadağ qardaşlaşma protokolu və digər humanitar təşəbbüslər isə mədəni diplomatiyanın və soft power strategiyasının bir hissəsi olaraq, regionda etimad mühitini möhkəmləndirir.
Nəqliyyat-logistika sahəsində imzalanmış Memorandum, üç dövlətin dəmiryolu və digər tranzit sistemlərinin koordinasiyasını təmin etməklə Böyük İpək Yolu və Mərkəzi Asiya–Xəzər–Avropa dəhlizlərinin inkişafına xidmət edir. Liman və dəmiryolu infrastrukturlarının inteqrasiyası, tarif və logistika koordinasiyası ticarət axınlarının səmərəliliyini artırır, enerji və karbohidrogen ixracı layihələri isə regional enerji təhlükəsizliyinə və iqtisadi inteqrasiyaya töhfə verir.
Azərbaycan üçün bu əməkdaşlıq, Füzuli və Bakı limanları vasitəsilə regional tranzit və enerji mərkəzinə çevrilmək, həmçinin siyasi nüfuz və etimadı gücləndirmək imkanlarını artırır. Türkmənistan və Özbəkistan isə bu platforma vasitəsilə Avropa-Asiya ticarət şəbəkələrinə çıxış əldə edir və investisiya imkanlarını genişləndirir. Özbəkistanın Füzuli və Xankəndidəki investisiyaları, Türkmənistanın humanitar və dini təşəbbüsləri isə uzunmüddətli etimad və qarşılıqlı fayda prinsiplərini təsdiqləyir.
Azərbaycanın Türkmənistan və Özbəkistanla imzaladığı üçtərəfli əməkdaşlıq sənədləri, regionda nəqliyyat-logistika və geoiqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin bu əməkdaşlıq, geosiyasi risklər və qlobal iqtisadi dəyişikliklər fonunda əlavə təhlil və strateji yanaşma tələb edir.
Rusiya və İran, Cənubi Qafqaz və Mərkəzi Asiya bölgəsində strateji maraqlara malikdirlər. Azərbaycanın Türkmənistan və Özbəkistanla qurduğu nəqliyyat-logistika əlaqələri, bu ölkələrin Rusiya və İranın təsirindən kənarlaşmasına səbəb ola bilər. Bu isə, Moskva və Tehranın regiondakı nüfuzunun zəifləməsi anlamına gəlir.
Zəngəzur dəhlizinin ABŞ tərəfindən 99 illik icarəyə götürülməsi, İranın strateji mövqeyini daha da zəiflədir. Bu dəhliz, İranın şimal sərhədini bypass edərək Avropa ilə birbaşa əlaqə qurmağa imkan verir. Bu inkişaf, İranın enerji və ticarət marşrutları üzərindəki nəzarətini azaldır və regionda yeni geosiyasi balansın yaranmasına səbəb olur.


Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
16:24 26.08.2025
Oxunuş sayı: 772
