"Ermənilər Konstitusiya dəyişikliyinə dəstək verəcəklər" - RƏY

Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın vaxtlarda ölkənin yeni Konstitusiyasının hazırlanması ilə bağlı iclaslarını davam etdirəcək. Şura uzun fasilədən sonra bir neçə həftə əvvəl ilk iclasını keçirib. Bu addım Baş nazir Nikol Paşinyanın fevral ayında vətəndaşlara müraciətində vurğuladığı kimi, ümumxalq referendumu yolu ilə yeni Konstitusiyanın qəbul edilməsi planlarının bir hissəsidir. Rəsmi İrəvan sənədin 2026-cı ildəki parlament seçkilərinə qədər hazır olmasını hədəfləyir.
Mövzu ilə bağlı crossmedia.az-a politoloq Mütəllim Rəhimli açıqlama verib.
"Vaşinqtonda keçirilən üçtərəfli görüşün nəticələrinə əsasən, Azərbaycanla Ermənistan arasında etimadı gücləndirmək üçün bir sıra praktiki addımlar atılmalıdır. Ermənistan tərəfi bu istiqamətdə öhdəliklər götürüb. Prezident İlham Əliyev görüşdən sonra bildirib ki, Ermənistanın yerinə yetirməli olduğu “ev tapşırıqları” var. Bu tapşırıqlardan biri də rəsmi sənədlərdən ərazi iddialarına dair müddəaların çıxarılmasıdır".
Politoloq qeyd edib ki, zaman göstərib ki, bu cür əsassız ifadələr və simvollar xülyadan başqa bir şey deyil və Ermənistana yalnız zərər gətirir. "Bu reallığı artıq Ermənistanın mövcud hakimiyyəti və əhalisinin böyük əksəriyyəti dərk edir. Ona görə də əsassız iddialarda israr etmək əhəmiyyətsizdir və sülhə aparan yol dəstəklənməlidir. Əks halda Ermənistan yenə də təcrid vəziyyətində qalacaq və bu, ölkəyə ağır fəsadlar gətirəcək".
Mütəllim Rəhimli bildirib ki, konstitusiya islahatları Ermənistanın öz inkişafı üçün faydalı bir addımdır və bu prosesdə kiməsə minnət qoymaq yersizdir. "Əgər səhv göstərilirsə və onu düzəltmək üçün yol təklif edilirsə, buna görə minnətdar olmaq lazımdır. Bununla yanaşı, Konstitusiyada dəyişiklik edilməsi hələ Ermənistanın bütün tələbləri yerinə yetirdiyi anlamına gəlmir. Hələ də Qazaxın üç kəndi işğal altında qalır və onların tezliklə öz doğma sakinlərinə qaytarılması təmin olunmalıdır. Ən önəmlisi isə Ermənistanda Azərbaycana və azərbaycanlılara qarşı nifrət ruhunda aparılan təbliğata son qoyulmasıdır. Sülh və barış təşviq olunmalı, erməni ictimaiyyətində azərbaycanlılara münasibət müsbət istiqamətdə dəyişməlidir".
"Azərbaycan-Ermənistan normallaşma prosesini Ermənistan əhalisinin əksəriyyəti dəstəkləyir. Lakin “Qarabağ kartı” üzərindən manipulyasiya etməyə çalışan müxalif qüvvələr də mövcuddur. Sülh prosesi irəlilədikcə bu qüvvələr mövqelərini itirirlər. Buna görə də Ermənistanda atılan hər yeni addıma qarşı çıxırlar. Lakin onların sosial dayaqları geniş müqavimət hərəkatı formalaşdırmağa imkan vermir. Bu səbəbdən ermənilərin Konstitusiya dəyişikliklərinə dəstək verəcəkləri və köhnə qüvvələri rədd edəcəkləri ehtimalı daha yüksəkdir".
Xumar Emilqızı
19:02 15.08.2025
Oxunuş sayı: 1373