Ankaranın turizm paytaxtı olması narazılıq doğurdu - Türküstan coğrafiyasından seçmək yaxşı olardı

Türkiyənin paytaxtı Ankara 2026-cı il üçün “Türk dünyasının turizm paytaxtı” elan olunub. Bu mühüm qərar Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən Turizm Nazirlərinin toplantısında qəbul edilib. Qərarı sosial media hesabında şərh edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, zəngin tarixi, mədəni irsi və mənəvi dəyərləri ilə bu status Ankaraya tam yaraşır. Bu addım Ankaranın Türk dünyasında turizm baxımından daha da ön plana çıxmasına təkan verəcək.
Mövzu ilə bağlı Türk Dünyası üzrə mütəxəssis İlqar İlkin bildirib ki, Türk Dövlətləri Təşkilatının Turizm Nazirlərinin 10-cu görüşündə 2026-cı il üçün Ankara “Türk dünyasının turizm paytaxtı” elan edilib: “Düşünürəm ki, bu alqışlanası bir qərardır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrin şəhər və kəndləri bu ada layiqdir. Lakin hesab edirəm ki, biz bu sahədə bir qədər kənarda qalmış bölgələrimizə daha çox diqqət yetirməliyik. Məsələn, Türküstan coğrafiyasında yerləşən şəhərlərin turizm paytaxtı kimi seçilməsi həm simvolik, həm də birliyimizi gücləndirmək baxımından daha məqsədəuyğun olardı. Turizm artıq yalnız dəniz, mənzərə və tarixlə məhdudlaşmır. Son dövrlərdə dini və mənəvi məkanlara yönəlmiş turizm də sürətlə inkişaf edir. Türküstanda da belə şəhərlər az deyil və onların bir çoxu artıq müxtəlif formalarda – mədəniyyət paytaxtı və ya digər adlarla – qiymətləndirilib”.
"Amma fikrimcə, belə statusun Ankaradansa başqa bir coğrafiyada verilməsi Türk dünyasının inteqrasiyası baxımından daha faydalı olardı. Belə hallarda seçim zamanı infrastruktur və nəqliyyat imkanları nəzərə alınır, bu başadüşüləndir. Lakin bununla yanaşı, daha az tanınan, az ayaq dəymiş bölgələrimizə də diqqət göstərməliyik. Onlarla təmas qurmalı və həmin bölgələrin turizm potensialının inkişafı üçün onları təşviq etməliyik" - deyə İlqar İlkin fikrini yekunlşaıdırıb.
Fidan Xəlilova
17:15 09.07.2025
Oxunuş sayı: 5156