Fransada Novruz bayramı qeyd olunub

Fransanın Mayenne şəhərində keçirilmiş Novruz bayramı şənliyində ölkəmizi Azərbaycan Mədəniyyət Assosiasiyası (Association Culturel d’Azerbaijan en Mayenne - ACAM) təmsil edib. Novruz şənliyində Azərbaycanla bərabər Türkiyə, Ukrayna, Suriya, İraq, Əfqanıstan, Tunis, Dağıstan və Qazaxıstan nümayəndələri də iştirak ediblər. Bayram proqramı maraqlı çıxışlarla zəngin olub. Müxtəlif xalqların musiqi və rəqs nömrələri nümayiş etdirilib, milli mətbəxlərdən hazırlanmış ləziz təamlar qonaqlara təqdim olunub. Tədbir iştirakçıları Novruzun sevincini birlikdə bölüşərək bayramın əsl ruhunu yaşayıblar.
Tədbirdə ölkəmizi təmsil edən, Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Mirzə Məmmədov çıxış edərək, əvvəlcə mədəniyyətimiz və milli dəyərlərimiz, eləcə də Novruz adət-ənənələri haqqında məlumat verib. O, həmçinin, Novruz bayramının 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini və hər il martın 21-nin Təbiətin Oyanışı Günü kimi qeyd olunduğunu vurğulayıb. O, Azərbaycan musiqilərindən nümunələr ifa edib. (Azərtac)
07:10 26.03.2025
Oxunuş sayı: 1301