"1-ci Uşaq Teatr Festivalı" qalibləri elan edildi

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və "EMEDIA GROUP" Media təşkilatının birgə təşkilatçılığı ilə "1-ci Uşaq Teatr Festivalı"nın bağlanış mərasimi baş tutub. "Milli Teatr Günü"nə həsr olunan festival çərçivəsində müxtəlif yaş qruplarından olan uşaqlar teatr sənətinə maraqlarını nümayiş etdirib, səhnədə öz yaradıcılıqlarını sərgiləyiblər.
Bağlanış mərasimində millət vəkilləri, tanınmış incəsənət xadimləri, QHT rəhbərləri, sənətsevərlər və mətbuat nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov festivalın uğurla yekunlaşdığını vurğulayıb və gələn il 2-ci Uşaq Teatr Festivalının keçiriləcəyini elan edib. O, bu festivalın uşaqlar üçün böyük yaradıcılıq platforması olduğunu qeyd edərək, gələcəkdə daha genişmiqyaslı tədbirlərin keçiriləcəyini bildirib.
Festivalın təşkilatçılarından olan "EMEDIA GROUP" Media təşkilatının sədri Elşən Əliyev isə çıxışında festivalın uşaq teatr sənətinin inkişafına verdiyi töhfələri vurğulayıb və media qurumlarına informasiya təminatında göstərdikləri dəstəyə görə təşəkkür edib. Respublikanın Əməkdar artisti, professor Azad Şükürov isə festivalın teatr sənətinə yeni istedadlar qazandırmaq baxımından əhəmiyyətini qeyd edib.
Festivalın qalibləri
Altı gün davam edən festivalda 6-14 yaş arası uşaqlar müxtəlif orta məktəblər, mədəniyyət mərkəzləri və digər qurumların tərkibində yarışaraq, münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblər aşağıdakı kimi müəyyən edilib:
Əsas mükafatlar:
I yer – 3 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi – "Çiçəyim" Uşaq Teatrı
II yer – 7 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi – "Sənət İnciləri" kollektivi
III yer – Mirzə Ələkbər Sabir adına 259 saylı orta məktəb – "Hop-Hop" kollektivi
III yer – Azərbaycan İncəsənət Məktəbi – "Səhnənin Ulduzları" kollektivi
Xüsusi nominasiyalar üzrə mükafatlandırılanlar:
Ən yaxşı aktyor – Allahverdiyev Yusif ("Şahzadənin sərgüzəştləri" – Şahzadə rolu)
Ən yaxşı aktrisa – Dəniz Məsimli ("Göyçək Fatma" – Çirkin qız rolu)
Ən yaxşı rejissor – Bədəlova Yaqut Məsimli ("Tənbəl Əhmədin nağılı")
Ən xarakterik aktyor – Usubəliyev Saleh ("Cik-Cik xanım")
Ən şirin aktrisa – Sarıduman Rabia Sinay ("Şahzadənin sərgüzəştləri")
Ən şirin aktyor – Talıblı Səid ("Tısbağanın yolu")
Ən yaxşı səhnə tərtibatı – Məmmədova Mehparə ("Tənbəl Əhməd")
Ən yaxşı musiqi tərtibatı – Rəhim Rəhimov ("Cik-Cik xanım")
Ən yaxşı səhnə geyimi – Rəna Kərimova ("Şahzadənin sərgüzəştləri")
Ən yaxşı rəqs – Əli Natiqoğlu ("Tənbəl Əhmədin nağılı")
Festivalda iştirak edən bütün uşaq kollektivlərinə sertifikatlar və hədiyyələr təqdim olunub. Bağlanış mərasimi möhtəşəm musiqi və rəqs nömrələri ilə tamamlanıb.
Azərbaycan İncəsənət Məktəbinin təsisçisi Fərid Bağırov festivalın tərəfdaşları – Kinderland Uşaq Əyləncə Mərkəzi, Ailəm Electronics, Mədəniyyət Könüllüləri İctimai Birliyi, Guarden Şirkəti və Ulu 1995 mətbəəsinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Bu il ilk dəfə keçirilən "Uşaq Teatr Festivalı"nın gələn il daha geniş miqyasda davam edəcəyi planlaşdırılır.
Ayan Sədi
22:34 18.03.2025
Oxunuş sayı: 1736