Bakıda "I Uşaq Teatr Festivalı" davam edir



Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Teatr Xadimləri İttifaqı və Emedia Group media təşkilatının birgə təşkilatçılığı ilə baş tutan "I Uşaq Teatr Festivalı" öz silsilə tamaşaları ilə teatrsevərləri sevindirməkdə davam edir.
Festivalın üçüncü günündə İncəsənət Gimnaziyası və 3 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi səhnəyə çıxaraq uğurlu çıxışlar ediblər. Təqdim olunan tamaşalar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətində teatrşünas Dağlar Yusif, yazıçı-dramaturq Pərvin Nurəliyeva, modelyer-dizayner Xəyalə Məsimli, rejissor Nicat Rüstəmov, aktyorlar Şamil İbrahimov və Vahid Orucoğlu yer alıblar.
Festival çərçivəsində 6 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, 7 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi, İncəsənət Gimnaziyası və 3 nömrəli Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi öz tamaşalarını təqdim ediblər.
Qeyd edək ki, festival 10-17 mart tarixlərini əhatə edir və bu müddət ərzində müxtəlif uşaq teatr kollektivləri öz səhnə işlərini təqdim edəcəklər. "I Uşaq Teatr Festivalı" gələcəyin teatr sənətkarlarını üzə çıxarmaq, onların istedadlarını nümayiş etdirmək və gənc nəsli teatra daha da yaxınlaşdırmaq məqsədi daşıyır.
Festival günlərində nümayiş edilən tamaşalar teatrsevərlər tərəfindən böyük maraqla qarşılanır və gələcək illərdə bu ənənənin davam etdirilməsi gözlənilir.
Ayan Sədi
06:17 14.03.2025
Oxunuş sayı: 2011