Muzeydə Belarus rəssamlıq məktəbinin banilərinə həsr olunan sərginin açılışı olub






Azərbaycan Milli İncəsənət Muzeyində "Y. Pen, Y. Kruqer - Belarusda rəssamlıq təhsilinin baniləri" adlı sərginin açılışı baş tutub. Sərgidə Belarus Milli İncəsənət Muzeyinin kolleksiyasından XIX əsrin sonu - XX əsrin ortalarında yaradılmış 61 rəngkarlıq və qrafika əsəri nümayiş etdirilir.
Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Belarus Milli İncəsənət Muzeyinin direktoru Anna Kononova, Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç, Xalq rəssamları Ömər Eldarov və Səlhab Məmmədov çıxış edərək sərginin əhəmiyyətini vurğulayıb. Onlar bu layihənin Azərbaycan və Belarus arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildiriblər.
Sərgidə Belarus rəssamlıq məktəbinin əsasını qoymuş Yuri Pen (1854-1937) və Yakov Kruqerin (1869-1940) bədii irsi, eləcə də onların tələbələrinin əsərləri təqdim olunur. Nümayiş etdirilən əsərlər sırasında dünya şöhrətli Mark Şaqal və Mixail Kikoin, Belarus SSR-in Xalq rəssamı İvan Axremçik, habelə məşhur sovet və belarus rəssamları və qrafikləri - Lev Zevin, Mixail Kunin, Lev Leytman, Lazar Ran, Yefim Poyak, Vyaçeslav Rutsay, Mixail Stanyut, Solomon Yudovin, Pyotr Yaviç və başqalarının işləri yer alır. Bu sənətkarların yaradıcılığı Belarus milli incəsənət məktəbinin inkişafına mühüm təsir göstərib.
Yuri Penin 170 illiyi və Yakov Kruqerin 155 illiyinə həsr olunmuş bu sərgi 2024-cü ildə Belarusun mədəni həyatında əlamətdar hadisələrdən biri hesab olunur.
Sənətsevərlər bu nadir ekspozisiyanı Milli İncəsənət Muzeyində izləyə bilərlər.
Ayan Sədi
17:36 13.03.2025
Oxunuş sayı: 616