"Cənnət yuxusu" – Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş filmin təqdimatı keçirilib








Heydər Əliyev Mərkəzində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, portretçi və ornamentalist Mirzə Qədim İrəvaninin (1825-1875) anadan olmasının 200 illiyinə həsr olunmuş "Cənnət yuxusu" bədii-sənədli filminin təqdimatı baş tutub.
Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan ekran əsəri, "Yaradıcı Azərbaycan" Tədbirlər Planı çərçivəsində çəkilib və Mirzə Qədim İrəvaninin zəngin irsini, onun Azərbaycan incəsənətinə verdiyi töhfələri əks etdirir. Eyni zamanda film qədim İrəvan şəhərinin tarixi və mədəni irsini də tamaşaçılara təqdim edir.
Filmin yaradıcı heyəti və çəkiliş məkanları
Ekran əsərinin quruluşçu rejissoru Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayev, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı isə Səbuhi Atababayevdir. Film Bakı və Şəki şəhərləri ilə yanaşı, Gürcüstanın müxtəlif bölgələrində lentə alınıb. Musiqi tərtibatında Xalq artisti Vasif Adıgözəlovun "Zabul-Segah" simfonik muğamından istifadə edilib.
Təqdimatdan sonra yaradıcı heyət səhnəyə dəvət olunub. Filmin quruluşçu rejissoru Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayev və Xalq artisti Yalçın Adıgözəlov çıxış edərək ekran əsərinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.
Azərbaycan mədəni irsini dünyaya tanıtmaq məqsədi
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində dövlət dəstəyi ilə maliyyələşən film həm yerli, həm də xarici auditoriyaya Azərbaycan mədəniyyətinin zənginliyini və milli incəsənət tariximizi tanıtmaq məqsədi daşıyır.
Filmin mövzusu təkcə rəssamın yaradıcılıq yolunu deyil, eyni zamanda İrəvanın azərbaycanlı mədəniyyət xadimlərinin mirasını, İrəvan bölgəsinin tarixi və soydaşlarımızın Ermənistan ərazisindən deportasiyası faktlarını da əks etdirir. Bu baxımdan "Cənnət yuxusu" filmi milli irsimizə işıq tutan və Azərbaycan incəsənətinin dünyada tanıdılmasına xidmət edən dəyərli bir ekran əsəridir.
Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan film, Azərbaycan təsviri sənətinin banilərindən biri olan Mirzə Qədim İrəvaninin irsini yeni nəsillərə çatdırmaq üçün mühüm addım kimi dəyərləndirilir.
Ayan Sədi
17:03 13.03.2025
Oxunuş sayı: 506