Dram Teatrında Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 10 Mart - Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri və teatrın “Bölgə teatrlarının Bakı premyerası” layihəsinin bağlanış mərasimi keçirilib. Gecədə dünya şöhrətli gürcü rejissoru, Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri Robert Sturua və teatrın direktoru Giorgi Tevzadze və bir sıra tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.
Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV), Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə keçiriliən tədbirdə əvvəlcə Azərbaycan Dövlət Rəqs Ansamblı çıxış edib.
Rəqs nömrəsi bitdikdən sonra ekranda Akademik Milli Dram Teatrının son teatr mövsümündəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Mədəniyyət Naziri Adil Kərimli diqqətə çatdırıb ki, teatrın tərbiyəvi təsiri böyükdür, eyni zamanda Azərbaycan incəsənətinin təbliğində danılmaz rola malikdir. “Bu gün həqiqətən Azərbaycan mədəniyyətinin bayramıdır, çünki teatr sənəti mədəniyyətimizin ayrılmaz hissəsi olmaqla yanaşı, onu insanlara çatdıran əsas sənət istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyev hər zaman teatr sənətinə yüksək dəyər verib və onun inkişafı üçün mühüm addımlar atıb. Bu siyasət bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən hər il Azərbaycanda rəsmi şəkildə bu əlamətdar gün qeyd olunur. Eyni zamanda, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətə verdiyi töhfələr danılmazdır. O, teatrlara dəstək göstərir, tamaşalara səfərlər edir və bu sahənin inkişafı üçün müvafiq tapşırıqlar verir”.
Tanınmış gürcü rejissoru Giorgi Tevzadze diqqətə çatdırıb ki, iki millətin, iki xalqın dostluğu tarix boyunca əlamətdar hadisələrdən biri olub və bu birlik daim sarsılmaz bağlarla möhkəmlənib.
Daha sonra “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin yekun nəticələri açıqlanıb.
Azərbaycan teatrına fədakarlıqla xidmət edən sənətkarlarımız Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tərəfindən mükafat və diplomlarla təltif olunublar.
Tədbir Xalq artistləri Samir Cəfərov, Brilliant Dadaşova və digər sənətçilərin ifa etdiyi musiqi nömrələri ilə davam edib.
08:43 11.03.2025
Oxunuş sayı: 1419