Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib


Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib. Səfirliyin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə səfir Leyla Abdullayeva çıxış edərək, cəmiyyətin inkişafında Azərbaycan qadınlarının fəal rolundan danışıb. Bildirib ki, Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanması yeni dövr tariximizin əlamətdar faktlarındandır. O, qadınların cəmiyyətin inkişafında, ictimai, siyasi, mədəni, sosial sahələrdə onların əvəzolunmaz töhfələrini qeyd edib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin inkişafında, müstəqil dövlətin qurulmasında qadınların rolunun artdığı, qadınlarla bağlı məsələlərin daim dövlətin diqqət mərkəzində olduğu vurğulanıb.
Tədbir iştirakçıları tanınmış azərbaycanlı rəssam-dizayner, “Sevil Art” brendinin yaradıcısı Sevil Əhmədovanın “Azərbaycanın nəfis ipəyi” adlı baş örtüklərinin sərgisini ziyarət ediblər. Sərgidə nümayiş olunan baş örtükləri ənənəvi milli motiv və ornamentləri əks etdirir. S. Əhmədova çıxış edərək bildirib ki, baş örtklərinin ornamentlərində Azərbaycanın tarixi, incəsənəti, təbiəti və gözəlliyindən ilhamlanıb.
Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən yaradılan və Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstan olmaqla yeddi ölkəni təmsil edən istedadlı və peşəkar qadın musiqiçilərdən, sənətçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konsert proqramı ilə davam edib. Qrupun dirijoru və solisti Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadədir.
Konsert proqramında Türkdilli xalqların musiqiləri ilə yanaşı Turan Manafzadənin ifasında Azərbaycanın milli mahnıları ifa edilib. Tədbirdə Fransada akkreditə olmuş səfirlər, siyasətçilər, incəsənət nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər. (Azərtac)
08:34 07.03.2025
Oxunuş sayı: 2292