Dostluq, qardaşlıq yoxsa informasiya təxribatı?
(Bir blogerin kimliyi)
Son dövrlərdə sosial mediada Türkiyə adından çıxış edən və çıxışlarında bir çox hallarda “başından böyük” fikirlər irəli sürən bloger-politoloqlar meydana gəlib. Bu kimi politoloq-analitiklər içərisində diqqəti cəlb edənlərdən biri Analiz TV internet kanalının təsisçisi Fateh Tezcandır. Hər şeydən danışan, heç nəyi bəyənməyən, heç kimi qəbul etməyən birisi kimi kimlik formalaşdıran jurnalist olaraq bu adamın siyasi kimliyi diqqətimizi cəlb edir. Üz cizgilərində “Daun sindromu” əlamətləri görünən bu şəxsin çıxışlarında da həmin əlamətləri izləmək olar. Qısa-qısa cümlələr qurur, nitqi qüsurludur, irəli sürdüyü fikirlər primitiv və sadədir. Proqramlarında fikrini ifadə edə bilməyəndə tez-tez təhqirlərə əl atır. Düşüncələri tez-tez ziddiyyət təşkil edir və çıxışlarında “dahilik fobiyası” görünür.
Bu şəxs ictimaiyyətə qəzetçi-jurnalist, yazar olaraq təqdim edilir. O, 1976-cı ildə İstanbulda Osmanlı dövrü mühacirlərinin ailəsində anadan olub. 1999-cu ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin “Bilgi ve Belge Yönetimi” bölməsinə qəbul olur, ancaq iki ildən sonra təhsilini yarımçıq qoyur. Deməli, bu adamın ali təhsili yoxdur.
Çıxışlarından məlum olmasa da, onun şəxsi mütaliəsinin geniş olduğunu hesab edirlər. Xüsusilə də dinlər tarixi, Quran və hədis araşdırmaları, yaxın tarix və beynəlxalq münasibətlər mövzularına böyük ağırlıq verir. “Körfez Savaşı ve Tevrat”, “Irak’a silah satan ABD şirketleri” kimi yazıları 1998-ci ildə “Selâm Gazetesi”ndə dərc olunub. Dini təhsil almadığı üçün ərəb dili və dini ədəbiyyatın müstəqil tədqiqatçısı da ola bilməz. Yəqin ki, dini araşdırmaları başqalarının yazıları və tərcümələr əsasında formalaşdırılıb.
1999-cu ildə Türkiyənin ilk onlayn “İslami platformlarından” birində idarəçi kimi fəaliyyətə başlayır. Diqqəti cəlb edən odur ki, Türkiyədə savadı və təhsili olmayanlar din sahəsinin mütəxəssisi kimi özlərini göstərməyə çalışırlar və bu insanlardan diplom və təhsil soruşan olmur.
2003-cü ildə ilk dəfə evlənir, iki oğlu və bir qızı dünyaya gəlir. İkinci evliliyindən isə iki qızı olur. Birinci evliliyindən olan uşaqlarını analarından qaçıraraq gizlətdiyi üçün həbs edilir, mühakimə olunur və həbsdə qalır.
Lakin 2007-ci ildən başlayaraq geniş elmi fəaliyyət imitasiyası yaradır. Türkiyədə elmi fəaliyyət üçün elmi təhsilin olması vacibdir. Bu şəxs isə ali təhsili belə olmadan elmi konfranslar keçirir, elmi seminarlarda iştirak və çıxışlar edir. Yazıları internet saytlarında, dərgilərdə və qəzetlərdə yayımlanmağa başlayır. Ümumiyyətlə, Yaxın Şərq və xüsusilə də İsrail-Fələstin mövzularında çoxsaylı proqramlara ekspert olaraq dəvət olunur. 2006-cı ildə qurduğu Analiz Merkezi.com adlı saytı Türkiyənin ilk “İslami Haber-Analiz” saytı edir. 2010-cu ildə Ankarada tarix araşdırmaları aparır və heç kim, heç bir peşəkar alim onun elmi kimliyini sorğulamır.
Suriya inqilabı zamanı bölgəyə gedən ilk türk jurnalist hesab edilir və məhz bu zaman həqiqi kimliyi ortaya çıxır. Azad Suriya Ordusunun quruluş və döyüşlər dövründə dəfələrlə Suriyada olur, Azad Ordu və Suriya Milli Koalisiyasının yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirir, prosesi yaxından izləyir, görüntü və şərhlərini milli və beynəlxalq mediada yayımlayırdı. Suriyanın ağır və təhlükəli illərində ərəb dilini bilməyən birisi olaraq yalnız Hakan Fidanın dəstəyi ilə öz təhlükəsizliyini qoruya bilərdi. Belə bir dəstəyin sonrakı fəaliyyət illərində də izlərini görmək mümkündür.
Misirdəki çevriliş zamanı Qahirəyə gedərək Müsəlman Qardaşları ilə təmas qurur, Rabiə Ədəviyyə meydanındakı aksiyalarda iştirak edir, canlı bağlantılarla Türkiyəyə məlumat göndərir. Hazırda “Analizmerkezi.com” adlı xəbər-analiz saytının baş redaktoru vəzifəsini davam etdirir və televiziya şərhçisi kimi özünü təqdim edir.
Son çıxışlarında Azərbaycanda baş örtüyünə qadağa və Orta Asiya türklərinin türklüyünü sual altına alan təxribat xarakterli fikirlər səsləndirməsi məcbur edir ki, bu kimilərinə cavab verəcək biriləri olsun. Bu adam bilir ki, Azərbaycanda baş örtüyünə qadağa yoxdur. Orta məktəblərdə geyim və davranış qaydalarının tənzimlənməsini aqressiv şəkildə gündəmə gətirmək düşmən hərəkətidir. Bu işi görənlər onsuz da çoxdur. Ancaq bunu Türkiyənin dövlət pulu ilə edirlərsə, hər bir azərbaycanlıya ağır gələ bilər.
Orta Asiya haqqında heç bir məlumatı olmayan birisi kimi F. Tezcan Qırğızıstandan danışır və deyir ki, “Rusiya bunları bitirib, sıfırlayıb…”, “Qırğızıstanda birinin evinə qonaq gedərsənsə, alkoqol içməsən, evdən çıxa bilməzsən” və s. kimi cəfəngiyatlar hansı məqsədlə danışılır və bu jurnalist adlanan şəxs kimə xidmət edir? Əlbəttə ki, hər hansı bir sıravi qırğız Fateh Tezcan kimilərindən daha artıq türkdür və qırğızlar bunu dəfələrlə sübut ediblər.

F. Tezcanın Analiz TV adlanan internet səhifəsində 1 saat 30 dəqiqəyə, yəni 1,5 saata qədər davam edən analiz proqramına diqqət yetirdik. Proqramın ana xətti yoxdur. Kiçik epizodlarla müxtəlif daxili və xarici siyasi hadisələrə münasibət bildirilir. Bildirilən münasibətlər əsasən təhqir və tənqiddən ibarətdir. O, kiçik epizodlarda təvazökarlıq göstərsə də, son nəticə olaraq məlum olur ki, Türkiyədə bundan ağıllı adam yoxdur.
Türkiyədə antikamalist olmaq dəbdə olan bir işdir. Buna görə heç kimi tutmurlar, həbs etmirlər. Lakin Atatürk əleyhinə danışanların sabit auditoriyası var və bu auditoriya içərisində nüfuz qazanmaq bu jurnalist üçün əhəmiyyətlidir. Özünü təqib altında olan dissident kimi göstərməsi də auditoriyaya yönəlmiş bir davranışdır. Xüsusi xidmət orqanlarının dəstəyi və himayəsi olmadan Suriyaya və Misirə qanunsuz gedib dini və ideoloji proseslərin iştirakçısı ola bilməzdi. Bunu Türkiyədə də insanlar yaxşı bilir. F. Tezcan dərin dövlət və mafiya ilə əməkdaşlıq etdiyini hər çıxışında iftixarla bəyan edir. Bu, onun xüsusi xidmət orqanları ilə əməkdaşlığının maskalanması kimi anlaşılmalıdır.
Hər bir proqramın YouTube-da 100-200 ədəd şərh toplaması diqqəti cəlb edir. Bu şərhlərin məzmununa diqqət yetirsək, “Adamsan”, “Allah razı olsun sizdən”, “Var ol” kimi dəstək mesajlarını görürük. Bu da konkret bir qrupun razılaşdırılmış şəkildə bu kanalın dəstəkçi-botları kimi fəaliyyət göstərdiyini göstərir. Lakin ara-sıra “Fateh FETÖ-cüdür” və ya “Fateh erməni pulu ilə yaşayır” kimi fikirlər də şərhlərdə qarşımıza çıxır. Heç şübhəsiz ki, bu adam bu təxribatlardan “çörək yeyir”. Lakin bu adam kimə xidmət edir, nəyə xidmət edir sualı hələ də açıq qalır…
14:01 15.11.2026
Oxunuş sayı: 106