Yaşamağa kimin vaxtı var?- ESSE
– Mən yağışı sevirəm. Belə havada şəhərin tamam başqa gözəlliyi olur, – dedi.
– Məncə, yağış Bakıya yaraşmır, – deyə cavab verdim.
Söhbətimiz bununla bitdi. Çox keçmədən həmin dialoq haqqında düşündüm. Görəsən, niyə eyni yağış birimizə zövq, digərimizə narahatlıq gətirirdi? Axı yağış dəyişməmişdi. Eyni buludlar, eyni damlalar, eyni küçələr, eyni şəhər... Dəyişən yalnız ona baxan insanların vəziyyəti idi.
Həmin gün yorğun idim. Bir az da tələsirdim. Evə çatmalı, gündəlik qayğıların içindən çıxıb öz sakitliyimə qovuşmalı idim. Yağış isə bütün bunlara mane olan əlavə bir çətinlik kimi görünürdü. Mənim üçün o, islanmış küçələr, ləngiyən nəqliyyat, sürətini artıran addımlar və bir an əvvəl sığınacaq tapmaq ehtiyacı demək idi.
Həmsöhbətim isə restoranda oturmuşdu. Qarşısında bir fincan kofe, ətrafında rahatlıq, pəncərənin o tayında isə yağış vardı. O, yağışın altında qaçmırdı, nəyəsə çatmağa çalışmırdı, heç yerə gecikmirdi. Sadəcə oturub şəhəri seyr edirdi. Onun üçün yağış mənzərə, mənim üçün isə yolun çətinliyi idi.
Elə onda anladım ki, bəlkə də, məsələ yağışda deyil. Məsələ insanın həyatın hansı tərəfində dayanmasındadır.
Bəzən düşünürük ki, həyatdan zövq almaq üçün tələsməmək, dayanmaq, hər şeyi bir kənara qoymaq lazımdır. Amma, bəlkə də, tələsən adamlar da həyatdan zövq ala bilərlər. Sadəcə onların zövq aldığı şeylər başqadır. Onlar yağışın altında islanmağı deyil, yağışa baxmayaraq mənzil başına çatmağı, yorğunluğa baxmayaraq bir işi tamamlamağı, çətinliklərə baxmayaraq yoluna davam etməyi bacarırlar.
Hər kəsin öz kofesi, öz restoranı, öz pəncərəsi var. Hər kəsin də öz tələsikliyi, çatmalı olduğu ünvanı, yetişdirməli olduğu işi var. Kənardan baxanda biri həyatdan zövq alır, digəri isə onun ardınca qaçırmış kimi görünür. Halbuki, bəlkə də, hər ikisi eyni həyatı yaşayır, sadəcə fərqli məqamlarda dayanırlar.
Bəzən insanın yağışdan zövq ala bilməməsi onun həyata qarşı maraqsızlığından deyil, sadəcə həmin gün bir az yorğun olmasından irəli gəlir. Bəzən gözəlliyi görmək üçün gözəl mənzərəyə deyil, bir neçə dəqiqəlik rahatlığa ehtiyac olur. Hətta eyni küçədən keçən iki adamdan biri başını qaldırıb göyə baxır, digəri isə yalnız qarşısındakı yolu görür. Heç biri digərindən daha xoşbəxt deyil. Sadəcə birinin baxmağa, digərinin isə çatmağa vaxtı var.
Amma bir həqiqət də var: insan bütün ömrünü nəyəsə çatmağa çalışmaqla keçirə bilər. Bir ünvan bitər, digəri başlayar. Bir məqsədə yetişər, ardınca başqası yaranar. Tələskənlik bəzən həyatın özünə çevrilər. Beləcə, insan yağışın altında neçə dəfə gəzdiyini, neçə gözəl axşamı geridə qoyduğunu, hansı küçələrdən keçdiyini belə xatırlamaz. Çünki həmişə harasa çatmağa çalışar.
Bəlkə də, əsas məsələ tələsməmək deyil, tələsərkən də ətrafında baş verənləri görə bilməkdir. Həyat yalnız mənzil başına çatanda başlamır. Bəzən yolun özü də yaşamağa dəyər.
O gün Bakıya yenə yağış yağsaydı, bəlkə də, mən yenə tələsəcəkdim. Bəlkə də, yenə deyəcəkdim ki, yağış bu şəhərə yaraşmır. Amma indi bilirəm ki, yağışın Bakıya yaraşıb-yaraşmaması ilə bağlı mübahisə etməyə dəyməzmiş.
Sadəcə, bəzən insanın bir fincan kofeyə, pəncərədən yağışı seyr etməyə və heç yerə gecikmədiyini hiss etməyə ehtiyacı olur.
Çünki həyatdan zövq almaq üçün həmişə dayanmaq lazım deyil. Amma arada bir dayanmağı bacarmaq lazımdır.
Yoxsa bir gün bütün yağışlar yağar, bütün küçələr islanar, bütün fəsillər dəyişər, sən isə ömrünün hansısa yerinə çatmaq üçün tələsməkdən onların heç birini görməzsən.
Kənan Novruzov
10:00 15.11.2026
Oxunuş sayı: 112