İran Fransaya İsrailin “saxta bayraq” təxribatına qarşı xəbərdarlıq edib
İran İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) Fransanı İsrailin “saxta bayraq” təxribatına aldanmamağa çağırıb. Bu xəbərdarlıq Parisin İranı Fransada supermarketlərin soyuducu sistemlərinə qarşı kiberhücumlar təşkil etməkdə ittiham etməsindən sonra səsləndirilib.
Crossmedia.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhebbİ Fransanın ittihamlarını gülünc adlandırıb. O, İsrailin bu iddialardan İrana qarşı düşmənçiliyi artırmaq və Avropa ölkələrini Tehran əleyhinə birləşdirmək məqsədilə istifadə etdiyini bildirib.
Möhebbİ sosial şəbəkədə paylaşımında Parisə İsrailin “saxta bayraq” təxribatına qarşı diqqətli olmağı tövsiyə edib. O, həmçinin ABŞ və İsraildən fərqli olaraq, İnqilab Keşikçiləri Korpusunun mülki şəxsləri hədəf almadığını iddia edib.
Qeyd edək ki, Fransa hökuməti noyabrın 9-da kiberhücumların İnqilab Keşikçiləri Korpusunun (SEPAH) elektron müharibə və kibermüdafiə təşkilatına bağlı “Şəhid Kavə” adlı bölmə tərəfindən həyata keçirildiyini açıqlayıb.
Fransa Xarici İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 11-dən 12-nə keçən gecə 700-dən çox ticarət obyektində soyuducu sistemlərin idarəetmə mexanizmləri kiberhücuma məruz qalıb. Hücumlar nəticəsində ciddi maddi ziyan, yanğınlar və on milyonlarla avro dəyərində ərzaq itkisi baş verib.
Paris İranın Fransadakı səfirini XİN-ə çağıracağını və hücumlarda iştirak etdiyi iddia edilən İran vətəndaşlarına və qurumlarına qarşı əlavə Avropa sanksiyalarının tətbiqini tələb edəcəyini açıqlayıb.
İran Xarici İşlər Nazirliyi isə ittihamları əsassız adlandıraraq rədd edib və ölkənin milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün müvafiq tədbirlər görəcəyini bildirib.
10:19 15.11.2026
Oxunuş sayı: 115