Alman deputatdan Mertsə sərt ittiham
Almaniya Bundestaqının deputatı Markus Frohnmaier kansler Fridrix Mertsi Ukraynaya maliyyə dəstəyini davam etdirmək niyyətinə görə tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Almaniya üçün Alternativ (AfD) fraksiyası rəhbərinin müavini və xarici siyasət məsələləri üzrə eksperti olan Frohnmaier Mertsin Almaniyanın Ukrayna üzrə danışıqlarda iştirak etmək istəyinin əsl mahiyyətini gizlətdiyini iddia edib.
Deputat sosial şəbəkə hesabında yazıb ki, kansler Almaniyanın danışıqlar masasında yer almasından qürurla danışsa da, əslində məqsəd münaqişənin gələcək maliyyələşdirilməsini müzakirə etməkdir.
Frohnmaier əlavə edib ki, almanların maddi vəziyyəti pisləşdiyi halda Merts onların pulunu başqa ölkələrin müharibələrini maliyyələşdirməyə sərf edir.
Məqalədə, həmçinin Mertsin ölkə daxilində siyasi mövqeyinin zəiflədiyi və hökumətin fəaliyyətindən narazılığın artdığı qeyd olunur. “INSA” institutunun “Bild am Sonntag” qəzeti üçün keçirdiyi sorğuya əsasən, Almaniya hökumətinin və şəxsən kanslerin fəaliyyətindən narazılıq səviyyəsi 80 faizi ötərək tarixi maksimuma çatıb.
12:51 15.11.2026
Oxunuş sayı: 67