ABŞ kəşfiyyatı: İran müharibədəki itkilərə baxmayaraq 2 500-dək raketi qoruyub saxlayıb
ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, İran müharibə nəticəsində hərbi infrastrukturuna və raket arsenalına ciddi zərbə dəysə də, 2 500-dək raketə malikdir. Bu isə Tehranın regionda hərbi potensialının hələ də əhəmiyyətli səviyyədə qaldığını göstərir.
Crossmedia.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.
Nəşrin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, İranın raket arsenalı ABŞ və İsrailin aylarla davam edən zərbələrinə baxmayaraq, regiondakı Amerika qüvvələri və müttəfiqləri üçün ciddi təhlükə yaratmaq potensialını qoruyub saxlayır.
ABŞ kəşfiyyatının qiymətləndirməsində İranın 1 500–2 500 aralığında raketə malik olduğu bildirilir. Bununla belə, rəsmilər bu qiymətləndirmənin etibarlılıq səviyyəsinin aşağı olduğunu vurğulayıblar. Buna səbəb raketlərin nə qədərinin istifadəyə hazır vəziyyətdə olması, nə qədərinin isə anbarlarda saxlanılması barədə dəqiq məlumatın əldə edilməsinin çətinliyidir.
Məlumata əsasən, Tehran raket arsenalını bərpa etməyə davam edir. Lakin bu proses müharibədən əvvəlki dövrlə müqayisədə daha yavaş gedir. İranın həmçinin əhəmiyyətli sayda pilotsuz uçuş aparatlarına və qısa mənzilli raketlərə malik olduğu bildirilir.
Nəşrin məlumatına görə, İsrail hərbi rəsmiləri də İranın 1 500-dən çox ballistik raketə sahib olduğunu düşünürlər. Bununla belə, region üzrə qiymətləndirmələr fərqlənir.
ABŞ Müdafiə Nazirinin Yaxın Şərq məsələləri üzrə keçmiş müavini Simone Ledeen bildirib ki, hətta ən aşağı göstərici belə İranın müharibədən əvvəlki raket arsenalının yarıdan çoxunu bərpa etdiyini göstərir.
Qeyd olunur ki, İranın raket və dron hücumları Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinin, radar sistemlərinin və erkən xəbərdarlıq infrastrukturunun zəif tərəflərini üzə çıxarıb.
Hazırda Vaşinqton Tehrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyat keçirmək əvəzinə, sanksiyalar və blokada vasitəsilə iqtisadi təzyiqləri davam etdirməyə üstünlük verir. Fars körfəzi ölkələri İranın mümkün cavab zərbələrindən ehtiyat edərək yeni müharibənin başlanmasına qarşı çıxırlar. İsrail isə Tehrana qarşı əlavə hərbi əməliyyatların keçirilməsini dəstəkləyir.
10:37 15.11.2026
Oxunuş sayı: 104