İran Bəhreyndə ABŞ-nin radar müdafiə obyektini 6 PUA ilə hədəf aldığını açıqlayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu(SEPAH) Bəhreyndə yerləşən ABŞ-nin radar müdafiə obyektinə altı pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, IRIB- in yaydığı məlumata istinadən xəbər verir ki, hücum Bəhreyndəki Əl-Riffa aviabazasında yerləşən ABŞ radar müdafiə obyektinə qarşı həyata keçirilib.
Hələlik hücum nəticəsində hər hansı dağıntı və ya zərərin qeydə alındığı barədə məlumat verilməyib.
Hadisədən bir neçə saat əvvəl Bəhreyn Daxili İşlər Nazirliyi mümkün təhlükə ilə bağlı əhaliyə dəfələrlə xəbərdarlıq edib və sakinləri sığınacaqlara getməyə çağırıb. Nazirlik təhlükənin xarakteri barədə ətraflı məlumat açıqlamayıb.
İran dövlət televiziyası IRIB tərəfindən yayımlanan bəyanatda İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının bağlı qaldığını bildirib. Açıqlamada Vaşinqtonun gəmiləri həmin su yolundan müşayiət etmək cəhdlərinin uğursuzluğa düçar olduğu iddia edilib.
İran tərəfi həmçinin ABŞ-ni xəbərdar edərək bildirib ki, Vaşinqtonun istənilən hərbi təcavüzünə daha sərt və dağıdıcı cavab veriləcək.
Qeyd edək ki, İranla ABŞ arasında Hörmüz boğazında gəmiçiliklə bağlı gərginlik davam edir. Qlobal enerji və əmtəə təchizatı baxımından strateji əhəmiyyət daşıyan bu boğaz Vaşinqton və Tehran arasında danışıqların da əsas müzakirə mövzularından biridir.
Məlumata görə, müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hücumları ilə başlayıb. Tərəflər aprel ayında atəşkəsə nail olsalar da, danışıqların nəticəsiz qalmasından sonra döyüşlər yenidən bərpa edilib. İyun ayında anlaşma memorandumu imzalansa da, tərəflər arasında fikir ayrılıqları aradan qalxmayıb.
10:27 15.11.2026
Oxunuş sayı: 104