Samsung-un bu modeli üçün pis xəbər
Samsung-un 2023-cü ildə təqdim etdiyi bir sıra smartfonlar üçün One UI 9 yeniləməsi sonuncu böyük əməliyyat sistemi yeniləməsi olacaq.
Crossmedia.az “Engadget”ə istinadən yaydığı məlumata görə, söhbət əsasən Galaxy S23 seriyasından, eləcə də Galaxy Z Fold 5 və Galaxy Z Flip 5 modellərindən gedir.
Android 17 əsasında hazırlanan One UI 9 yeniləməsi artıq bu cihazlara təqdim olunur. Lakin yeniləmədən sonra həmin modellər daha yeni Android versiyalarına keçid əldə etməyəcəklər.
Son böyük yeniləməni alacaq Samsung modelləri:
- Samsung Galaxy S23
- Samsung Galaxy S23+
- Samsung Galaxy S23 Ultra
- Samsung Galaxy S23 FE
- Samsung Galaxy Z Fold 5
- Samsung Galaxy Z Flip 5
- Samsung Galaxy A54
- Samsung Galaxy A34
- Samsung Galaxy M54
Bunun səbəbi Samsung-un əvvəlki yeniləmə siyasətidir. Şirkət 2022-ci ildə müəyyən flaqman modelləri üçün dörd nəsil əməliyyat sistemi yeniləməsi və beş il təhlükəsizlik yeniləməsi vəd etmişdi.
Məsələn, Galaxy S23 Android 13 əməliyyat sistemi ilə satışa çıxarılıb. Daha sonra Android 14, 15, 16 və 17 yeniləmələrini alaraq nəzərdə tutulan limiti tamamlayıb.
Telefonlar təhlükəsizlik yeniləmələri almağa davam edəcək
Bununla belə, istifadəçilərin cihazlarından dərhal imtina etməsinə ehtiyac yoxdur. Samsung sözügedən modellər üçün təhlükəsizlik yeniləmələrini davam etdirəcək.
Məlumata görə, Galaxy S23, Z Fold 5, Z Flip 5, A54, A34 və M54 modellərinin təhlükəsizlik dəstəyi 2028-ci ilə qədər davam edəcək.
Qeyd edək ki, Samsung 2024-cü ildən etibarən yeniləmə siyasətini dəyişib. Galaxy S24 seriyasından başlayaraq şirkət müəyyən modellər üçün yeddi il əməliyyat sistemi və təhlükəsizlik yeniləməsi vəd edib. Lakin bu qayda əvvəlki modellərə şamil olunmayıb.
08:03 15.11.2026
Oxunuş sayı: 150