Yəməndə döyüşlər şiddətləndi: Husilərin mövqeləri vuruldu
Yəmən hökumət qüvvələri Husilərin Təziz vilayətində yerləşən mövqelərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.
Crossmedia.az xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin Media Mərkəzinin məlumatına görə, Təzizin Əl-Akrud, Sami, Əl-Əhkum, Əl-Əkbuş, Cəbəl Rasin, Cəbəl Cərdad, Bəni Ömər, Bəni Bəkkari, Əl-Kaviş və Əl-Əsavir bölgələrində Husilərə aid mövqelərə ümumilikdə 71 zərbə endirilib.
Açıqlamada Husilərin nəqliyyat və dəstək vasitələrinin də hədəfə alındığı, qruplaşma üzvləri arasında itkilərin olduğu bildirilib. Yəmən ordusu Husilərin bölgədə hücum qabiliyyətinin zəiflədiyini iddia edib.
Qeyd olunub ki, Husilərə qarşı əməliyyatlar davam etdiriləcək.
Yəməndə vətəndaş müharibəsi Husilərin 2014-cü ilin sentyabrında paytaxt Səna və bir sıra vilayətlərə nəzarəti ələ keçirməsindən sonra başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası isə 2015-ci ilin martından etibarən beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləyir.
Son aylarda hökumət qüvvələri ilə Husilər arasında döyüşlərin intensivləşdiyi bildirilir. Husilər də zaman-zaman Səudiyyə Ərəbistanını ballistik raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını açıqlayırlar.
09:33 03.10.2026
Oxunuş sayı: 50