Bir dəhliz, minlərlə imkan: “Şimal-Cənub” Azərbaycana nə qazandıracaq?
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətində Azərbaycan və Rusiya arasında əməkdaşlıq davam edir. Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib ki, Moskva layihənin həyata keçirilməsi üçün kredit vəsaiti ayırmağa hazırdır və marşrutun Azərbaycan ərazisindən keçən hissəsi ilə bağlı Bakı ilə fikir ayrılığı yoxdur. O, Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ üzrə əlaqələrin davam etdiyini və Bakının layihəni perspektivli hesab etdiyini vurğulayıb. “Şimal-Cənub” dəhlizi Hindistan və İranı Azərbaycan və Rusiya üzərindən Şimali Avropa ilə əlaqələndirməyi nəzərdə tutur. Azərbaycanın dəhlizin qərb qolunda əsas iştirakçılardan biri kimi çıxış etməsi ölkənin nəqliyyat-logistika imkanlarını artırır. Rəsmi məlumatlara görə, Azərbaycan ərazisindən keçən dəmir yolu xəttinin uzunluğu 511 kilometrdir və ölkə Rusiya sərhədindən İran sərhədinədək bu bağlantını tam təmin edib. 2024-cü ildə Azərbaycan və Rusiya arasında imzalanmış sazişdə dəhliz üzrə tranzit yükdaşımalarının illik 15 milyon tona çatdırılması hədəfi müəyyənləşdirilib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Fuad Qənbərov bildirib ki, “Şimal-Cənub” dəhlizinin Azərbaycan üçün əhəmiyyəti yalnız tranzit yükdaşımalarının həcminin artırılması ilə məhdudlaşmır.
İqtisadçı qeyd edib ki, son illərdə Avrasiyanın nəqliyyat xəritəsində ciddi dəyişikliklər baş verir: "Ənənəvi dəniz yollarında yaranan risklər, Qırmızı dəniz və Süveyş kanalı ətrafında baş verən proseslər, eləcə də qlobal təchizat zəncirlərinin yenidən formalaşması quru və multimodal nəqliyyat marşrutlarına marağı artırıb. Bu baxımdan Hindistanı İran və Azərbaycan vasitəsilə Rusiya və Şimali Avropa ilə birləşdirən Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyəti getdikcə artır. Azərbaycan isə coğrafi mövqeyinə görə bu dəhlizin əsas iştirakçılarından biridir. Azərbaycanın əsas üstünlüklərindən biri ölkənin iki mühüm beynəlxalq nəqliyyat marşrutunun kəsişməsində yerləşməsidir. Şimal–Cənub dəhlizi Azərbaycan üzərindən Rusiya ilə İran arasında nəqliyyat əlaqəsini təmin edir. Şərq–Qərb istiqamətində uzanan Orta Dəhliz isə Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirir. Bu iki istiqamətin ölkəmizin ərazisində kəsişməsi Azərbaycanın regional nəqliyyat habı kimi əhəmiyyətini artırır. Eyni zamanda, son illərdə Şimal–Cənub dəhlizinin Azərbaycan hissəsində mühüm infrastruktur layihələri həyata keçirilib. Ələt–Astara avtomobil yolu yenidən qurulub, Bakı–Quba–Rusiya sərhədi yeni avtomobil yolu istifadəyə verilib, Rusiya ilə sərhəddə yerləşən Xanoba gömrük-keçid məntəqəsinin imkanları genişləndirilib. Azərbaycan və İran arasında dəmir yolu körpüsü, Astaraçay üzərində avtomobil körpüsü və müvafiq sərhəd infrastrukturu yaradılıb. Cənub istiqamətində yük terminalının inkişafı ilə bağlı işlər də davam etdirilir. Qeyd etmək lazımdır ki, digər beynəlxalq nəqliyyat marşrutları kimi, Şimal–Cənub dəhlizinin də böyük yükdaşıma potensialı mövcuddur. Azərbaycan Prezidenti 2024-cü ildə çıxışlarının birində ölkənin Şimal–Cənub istiqamətində mövcud dəmir yolu infrastrukturunun təxminən 6–7 milyon ton yük daşımaq imkanına malik olduğunu bildirmiş və gələcək yük axınlarını nəzərə alaraq bu istiqamətdə infrastrukturun genişləndirilməsinin vacibliyini qeyd etmişdi. Azərbaycan və Rusiya arasında 2024-cü ilin dekabrında imzalanmış sazişdə isə dəhliz üzrə yükdaşımaların illik 15 milyon tona çatdırılması hədəfi müəyyən edilib. Son göstəricilər də Azərbaycandan keçən nəqliyyat dəhlizlərinə marağın artdığını göstərir. Rəsmi məlumatlara əsasən, 2026-cı ilin ilk yeddi ayında ölkə ərazisindən tranzit yükdaşımaların həcmi 9,1 milyon tonu ötüb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artım deməkdir. Şimal–Cənub dəhlizi üzrə tranzit yükdaşımalarında isə artım 14,3 faiz təşkil edib".
İqtisadçı qeyd edib ki, burada bir məsələni xüsusi vurğulamaq istərdim: "Azərbaycan üçün əsas məqsəd yalnız ölkə ərazisindən keçən yüklərin həcmini artırmaq olmamalıdır. Təbii ki, tranzit daşımalarından əldə edilən gəlirlər vacibdir. Lakin daha böyük iqtisadi imkan həmin yük axını ətrafında əlavə xidmətlərin və yeni fəaliyyət sahələrinin formalaşdırılmasıdır. Başqa sözlə, əsas məsələ yükün Azərbaycandan sadəcə keçməsi deyil, onun ölkə iqtisadiyyatında əlavə dəyər yaratmasıdır. Yükdaşımaların artması anbar təsərrüfatına, logistika terminallarına, soyuducu anbarlara, konteyner xidmətlərinə, ekspeditor, sığorta və digər əlaqəli xidmətlərə tələbatı artırır. Bu sahələrin inkişafı nəticəsində Azərbaycan yalnız tranzit ölkəsi kimi deyil, eyni zamanda logistika xidmətləri ixrac edən ölkə kimi də əlavə gəlir əldə edə bilər. Ələt bu baxımdan yaxşı nümunədir. Ələt Azad İqtisadi Zonasında 5 hektar ərazini əhatə edən logistika mərkəzi yaradılıb və onun avtomobil nəqliyyatı üzrə illik yükdaşıma gücü 500 min ton təşkil edir. Ancaq burada daha böyük imkan logistika ilə istehsalın bir-birini tamamlamasıdır. Ələt Azad İqtisadi Zonasının yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsala istiqamətlənməsi, eyni zamanda Bakı Limanının və beynəlxalq nəqliyyat dəhlizlərinin yaxınlığında yerləşməsi xarici investorlar üçün də əlverişli şərait yaradır. Belə olan halda ölkəyə daxil olan yükün bir hissəsinin burada emal olunması, qablaşdırılması və daha sonra digər bazarlara ixrac edilməsi mümkündür. Şimal–Cənub dəhlizinin iqtisadi təsiri yalnız Bakı və Ələtlə məhdudlaşmır. Dəhlizin keçdiyi şimal və cənub rayonlarında logistika, anbar, yükdaşıma və digər xidmət sahələrinin inkişafı üçün də yeni imkanlar yarana bilər. Xüsusilə Astaranın İranla sərhəddə yerləşməsi və dəmir yolu bağlantısına malik olması onun gələcəkdə mühüm logistika mərkəzlərindən birinə çevrilməsi üçün imkan yaradır. Lənkəran–Astara iqtisadi rayonunda istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanlarının genişlənməsi də region üçün əlavə üstünlük ola bilər. Şimal istiqamətində isə Xaçmaz və Yalama ətrafında yükdaşıma və logistika xidmətlərinin genişlənməsi yerli iqtisadi fəallığa müsbət təsir göstərə bilər. Nəticə etibarilə, Şimal–Cənub dəhlizinin Azərbaycan üçün əhəmiyyətinə yalnız tranzit gəlirləri baxımından yanaşmaq düzgün olmazdı. Əsas imkan bu dəhlizdən istifadə etməklə logistika, anbar təsərrüfatı, xidmət, emal və ixracyönümlü istehsal sahələrinin inkişaf etdirilməsidir. Şərq–Qərb və Şimal–Cənub istiqamətlərinin Azərbaycan ərazisində kəsişməsi ölkəyə bu baxımdan mühüm üstünlük verir. Bu imkanlardan səmərəli istifadə edildiyi halda Azərbaycan yükün sadəcə keçdiyi tranzit ölkəsi deyil, yüklərin toplandığı, emal edildiyi, müxtəlif istiqamətlərə bölüşdürüldüyü və əlavə dəyərin yaradıldığı regional logistika qovşağına çevrilə bilər".
Zeynəb Həsən
16:00 02.10.2026
Oxunuş sayı: 39