Müharibə zamanı İranda 7250 nəfər xilas edilib
İranda ABŞ və İsrailin fevralın 28-də başladığı hərbi əməliyyatlar zamanı 7250 nəfər dağıntılar altından çıxarılaraq xilas edilib.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivəndin açıqlamasına istinadən məlumat yayıb.
Kulivənd bildirib ki, xilasedicilər, könüllülər və yerli əhalinin iştirakı ilə dağıntılar altından 7250 nəfər xilas olunub.
Onun sözlərinə görə, son müharibələr zamanı İran Qızıl Aypara Cəmiyyətinin 9 xilasedicisi xilasetmə əməliyyatları zamanı həlak olub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tərəflər arasında qarşıdurma fonunda İranın bir sıra şəhərlərinə hava zərbələri endirilib.
Daha sonra İran İsrail ərazisinə və Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına hücumlar həyata keçirib.
Tərəflər arasında atəşkəsə dair razılaşma aprelin 8-nə keçən gecə əldə olunub. Sonrakı dövrdə isə İranla ABŞ arasında münasibətlərin normallaşdırılması və Hörmüz boğazı ilə bağlı danışıqlar aparılıb.
ABŞ ilə İran arasında birbaşa dialoqun bərpası istiqamətində də görüşlər keçirilib. BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında görüş baş tutub. Lakin görüşdən konkret nəticə əldə olunmayıb.
İran Hörmüz boğazının açılması və ABŞ ilə münasibətlərin nizamlanması üçün hərbi əməliyyatların dayandırılması, dondurulmuş aktivlərin azad edilməsi, dəniz blokadasının ləğvi və iqtisadi-siyasi sanksiyaların aradan qaldırılması kimi şərtlər irəli sürüb.
18:57 27.09.2026
Oxunuş sayı: 54