BMT sammitindən gözlənilməyən nəticə - İran ABŞ münaqişəsi bitir?
İran-ABŞ münasibətlərində gərginlik və nüvə proqramı ətrafında yaranan fikir ayrılıqları diplomatik gündəmin əsas mövzularından olaraq qalır. BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində İran tərəfi diplomatiyanın davam etdirilməsinin vacibliyini önə çəkib. Tehran danışıqların bərpası üçün ABŞ-dən hərbi təzyiqin azaldılması və diplomatik yanaşmanın rəsmən ortaya qoyulmasını gözlədiyini bildirib. ABŞ tərəfi isə İranın nüvə silahına malik olmasının qarşısının alınmasını əsas məqsədlərdən biri kimi təqdim edir. Bu fonda tərəflər arasında etimad məsələsi, İranın nüvə proqramının gələcəyi və mümkün güzəştlər danışıqların əsas istiqamətlərini müəyyənləşdirən amillər sırasında yer alır. Vaşinqton və Tehran arasında mövcud fikir ayrılıqları ilə yanaşı, Yaxın Şərqdə davam edən gərginlik də mümkün razılaşmanın perspektivinə təsir edən əsas məsələlərdəndir.
Məsələ ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a müsahibə verib:
– Pezeşkianın BMT-dəki mesajını ABŞ-yə diplomatik siqnal kimi qiymətləndirmək olarmı?
– Əlbəttə ki, BMT Baş Assambleyasındakı çıxışlardan verilən mesajları dünyaya və ayrı-ayrı ölkələrə çatdırmaq üçün istifadə edirlər. BMT-nin əsas rollarından biri də belə çıxışları diqqətlə təhlil etmək, hansı mesajların verildiyini müəyyənləşdirmək və buna uyğun olaraq öz siyasətini formalaşdırmaqdır.
– İranın əsas tələbi bu mərhələdə nədir?
– Etimad məsələsi ümumiyyətlə çox incə mövzudur. Beynəlxalq münasibətlərdə yalnız etimada əsaslanmaq kifayət etmir. Öz xarici siyasətini elə qurmalısan ki, mövqeyini inandırıcı şəkildə qarşı tərəfə çatdıra biləsən. Bu, “mən tam şəkildə hansısa ölkəyə etimad bəsləyirəm və siyasətimi də bunun üzərində qururam” demək deyil. Hüquqi müstəvidə mövcud dəlillərdən istifadə etməklə sübut etməlisən ki, tərəflər razılığa gəlməli və bunun ən düzgün yol olduğunu qəbul etməlidirlər. Yəni burada etimadla yanaşı, hüquqi əsaslar və qarşı tərəfi inandıran konkret arqumentlər də vacibdir.
– Tehran və Vaşinqton arasında etimad böhranını aradan qaldırmaq mümkündürmü?
– İndiki mərhələdə bunun mümkün olduğuna inanmıram. Çünki nə ABŞ İrana inanır, nə də İran ABŞ-yə. Digər ölkələr də danışıqların hansı istiqamətdə gedəcəyini və müharibənin başlayıb-başlamayacağını diqqətlə izləyirlər. Məncə, açıq müharibə olmasa belə, gərginlik davam edəcək. Tərəflər arasında yaranmış etimadsızlığın aradan qaldırılması üçün ciddi və uzunmüddətli diplomatik prosesə ehtiyac var.
– Hazırkı danışıqlarda İran hansı güzəştlərə gedə bilər?
– Danışıqların mövzusu çərçivəsində hansı məsələlər üzrə razılığa gələ biləcəkləri sual altındadır, çünki tərəflərin mövqeləri tamamilə fərqlidir. Burada İsrail faktoru da var. İsrail təzyiq göstərir ki, İran nüvə proqramından tam şəkildə imtina etsin. İran bir tərəfdən bundan imtina edə biləcəyini desə də, digər tərəfdən öz nüvə proqramını davam etdirir. Ona görə də hansısa məsələ üzrə razılığa gələ bilmələri çox ciddi sual olaraq qalır. Şəxsi fikrim budur ki, yaxın aylarda hər hansı razılığın əldə olunacağı inandırıcı görünmür. Tərəflərin əsas məsələlər üzrə mövqeləri arasında ciddi fərqlər qalır.
– Bu danışıqların nəticəsiz qalması Yaxın Şərqdə gərginliyi hansı istiqamətə apara bilər?
– Çox güman ki, tərəflər danışıqları davam etdirəcəklər. Lakin böyük ehtimalla ABŞ-nin İrana qarşı hücum və təzyiqləri də davam edəcək. Bu isə danışıqların diplomatik müstəvidə davam etməsinə baxmayaraq, bölgədə gərginliyin azalmasını çətinləşdirə bilər.
– ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün hazırda ən böyük maneə nədir?
– Hələ də əsas məsələ nüvə proqramıdır. Əsas problem məhz budur. Çünki bilirlər ki, İran öz nüvə proqramını davam etdirir. Buna görə də tərəflərin razılığa gəlməsi baxımından ən ciddi fikir ayrılığı nüvə proqramının gələcəyi ilə bağlıdır.
Zeynəb Həsən
18:00 23.09.2026
Oxunuş sayı: 533